Gürcüstanın “Georgian Airways” (“Gürcüstan Hava Yolları”) aviaşirkəti müflis olma təhlükəsi ilə üzləşib.
"DİA-AZ" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.
Şirkətin hazırda uçuşları azaltdığı, vəziyyət yaxşılaşmasa, müflis olacağı ehtimalının olduğu bildirilir. Həmçinin aviaşirkətin hökumətin dəstəyinə ümid etdiyi qeyd olunur.
Mənbənin məlumatına görə, “Georgian Airways” aviasiya yanacağının qiymətlərinin kəskin artması səbəbindən uçuşlarını optimallaşdırmağa başlayıb. Vəziyyət kritik həddə çatdığından daha az işlək istiqamətlərə uçuşlar azaldılır.
“Vəziyyət bu cür davam edərsə, daha 100 uçuş həyata keçirə bilərik, lakin 101-ci uçuş mümkün olmaya bilər. Vəziyyət yaxşılaşmasa, aviaşirkət özünü müflis elan edə bilər”, - şirkətdən bildirilib.
Aviaşirkət hökumətlə məsləhətləşmələr aparır və ümid edir ki, bu onun normal fəaliyyətini bərpa etməsinə imkan verəcək.









