Azərbaycanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk edə bilər.
Rusiya mediasının yazdığına görə, rəsmi Bakının MDB-nin işində iştirak etməməsi Azərbaycanın birlikdən çıxacağını göstərir. Hətta Rusiya kütləvi informasiya mənbələri Azərbaycanın MDB-ni tərk edə biləcəyinə dair Rusiya tərəfinə məlumat verildiyini yazır. Məlumatda qeyd edilir ki, Azərbaycan MDB-ni tərk edəcəyi təqdirdə, Rusiya ilə birgə üzv olduğu yeganə təşkilatdan çıxmış olacaq.
Beləliklə, Azərbaycan Gürcüstan və Ukraynadan sonra MDB-də fəaliyyətini dayandıran üçüncü postsovet ölkəsi olacaq. Qeyd edək ki, Azərbaycan son aylar MDB-nin iclaslarına nümayəndə heyəti göndərmir. MDB-nin baş katibi Sergey Lebedev iyul ayında verdiyi açıqlamada bildirmişdi ki, rəsmi Bakının Moskvaya nümayəndə göndərməməsi müvəqqətidir və bu vəziyyət tezliklə normallaşacaq. O, Azərbaycanın MDB-dən çıxacağına inanmadığını deyib.
Ancaq son günlər Azərbaycanın adıçəkilən təşkilatdan çıxması məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi 1991-ci ildə SSRİ-nin dağılmasından sonra ittifaqa daxil olan respublikalar arasında siyasi, iqtisadi və mədəni əlaqələri qorumaq üçün yaradılıb. Yəni məqsəd Sovet İttifaqının dağılması prosesinin daha dinc yolla təmin edilməsinə və mümkün siyasi xaosun qarşısını almağa hesablanmışdı. MDB həm də SSRİ-nin mülkiyyətinin bölüşdürülməsi baxımından vacib hesab edilirdi. Azərbaycan 1991-ci il Almatı Bəyannaməsi ilə MDB-yə qoşulsa da, bu birliyə maraq göstərmirdi.
Çünki Birinci Qarabağ müharibəsində Rusiya Ermənistana açıq hərbi dəstək verdiyinə görə Azərbaycan MDB-ni dövlət müstəqilliyi üçün təhdid kimi qəbul edirdi. Yalnız 1993-cü ilin sentyabr ayında Azərbaycan parlamenti Almatı Bəyannaməsini ratifikasiya etdikdən sonra MDB-yə tamhüquqlu üzvlük reallaşdı.
Müstəqil Dövlətlər Birliyi keçid dövrü üçün nəzərdə tutulsa da, sonralar rəsmi Moskva bu qurumu postsovet ölkələrini Rusiyanın siyasi orbitində saxlamaq vasitəsi kimi istifadə etməyə başladı. Lakin 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra MDB daxilində mərkəzdənqaçma prosesi başladı.
2008-ci il avqustun 14-də Gürcüstan parlamenti MDB-dən çıxmaq haqqında qərar qəbul etdi. Ukrayna da öz növbəsində, MDB çərçivəsində imzalanmış ikitərəfli və çoxtərəfli sazişlərdən çıxmaqla MDB-ni tərk etmək qərarına gəlib. Bundan başqa, 2023-cü ildən başlayaraq, Moldova da MDB-dən çıxmaq barədə konkret addımlar atmağa başlayıb. Artıq Moldova MDB Dövlətlərarası Assambleyasının üzvü deyil.
Xüsusilə də Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya qarşı genişmiqyaslı işğalçılıq müharibəsinə başlaması və SSRİ-ni bərpa etmək siyasəti postsovet ölkələrin MDB-dən uzaqlaşdıran ikinci amilə çevrilib. Yəni Avropa İttifaqına inteqrasiya siyasətinə üstünlük verən dövlətlər MDB-dən çıxmaq məcburiyyətindədir. Bu baxımdan, Ermənistanın da yaxın perspektivdə MDB-ni tərk edəcəyi gözlənilir. Çünki Avropa İttifaqına üzvlük haqqında qanun qəbul edən rəsmi İrəvan bu məsələni Ermənistan konstitusiyasında təsbit etməlidir.
2026-cı ilin sonu, 2027-ci ilin əvvəlində Ermənistanda keçiriləcək referendum zamanı Avropa İttifaqına üzvlük məsələsi çocx güman ki, yeni konstitusiya layihəsinə daxil ediləcək. Bu halda Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının sıralarında qala bilməz.
Ona görə də Ermənistanın da MDB-dən çıxacağı istisna edilmir. Qoşulmama Hərəkatına üzv olan Azərbaycan daha çox neytrallıq siyasətinə üstünlük verir. Bu baxımdan, Azərbaycanın MDB-də qalması ciddi siyasi divident vəd etmir. Əksinə, Rusiyanın Azərbaycanın milli təhlükəsizliyinə qarşı təhdid siyasəti rəsmi Bakının MDB-dəki fəaliyyətinə yenidən baxılmasını zəruri edir.
Rusiya Azərbaycanın mülki təyyarəsini vurur, azərbaycanlı miqrantları milli mənsubiyyətinə görə döyür, öldürür, ölkədən qovur. Bu gün Rusiya Azərbaycana qarşı informasiya müharibəsi aparır. Deməli, MDB məkanı Azərbaycan üçün təhlükəsiz deyil. Belə olan halda MDB-də qalmaq Azərbaycan üçün vacib deyil. Hazırda Azərbaycanı MDB-yə üzv olan digər ölkələrlə daha sıx iqtisadi və ideoloji sahələrdə əməkdaşlıq platformaları birləşdirir.
Məsələn, Türk Dövlətləri Təşkilatı ilə Azərbaycanı yalnız ideoloji, tarixi, milli, mədəni əlaqələr bağlamır. Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiya vasitələrinin açılmasından və Orta dəhlizin işə düşməsindən sonra TDT geoiqtisadi platforma kimi MDB-dən daha əhəmiyyətli rol oynayacaq. Bu da Azərbaycanın və Mərkəzi Asiya dövlətlərinin Avrasiya nəqliyyat-ticarət dəhlizinin üzərində yerləşməsi ilə bağlıdır.
Eyni zamanda, Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən və bütün ölkədə dövlət suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazın 1992-1993-cü illərdə Rusiya tərəfindən qurulmuş geosiyasi arxitekturasını dəyişib. Artıq Azərbaycan bölgədə Türkiyə ilə strateji müttəfiqliyə əsaslanan müstəqil siyasət yürütdüyündən MDB kimi qurumlarda iştiraka ehtiyac qalmır.
Çoxqütblü dünya nizamının formalaşması MDB məkanında Çin, ABŞ, Avropa İttifaqı, Britaniya, Türkiyə kimi güc mərkəzlərinin təsirinin artması ilə müşahidə olunur. Bu kontekstdə MDB-nin tarixin siyasi arxivinə köçdüyünü görmək olar.
Müşfiq Abdulla
“Cebheinfo.az”