Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər fonunda Gürcüstan getdikcə daha çox təcrid vəziyyətinə düşür. Siyasi şərhçilər bildirir ki, xüsusən də Orta Dəhlizin əsas hissəsini təşkil edən Zəngəzur dəhlizinin açılması bu ölkənin regiondakı strateji rolunu ciddi şəkildə zəiflədə bilər. İllərdir Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan kimi enerji və nəqliyyat layihələrinin üzərindən geosiyasi dividendlər qazanan Gürcüstan indi həmin mövqelərini itirmək təhlükəsi ilə üz-üzədir.
Musavat.com bildirir ki, politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bunun əsas səbəblərindən biri hakim "Gürcü Arzusu" hökumətinin apardığı siyasətdir:
"Oliqarx və Rusiyanın adamı Bidzina İvanaşvilinin nəzarətində olan "Gürcü Arzusu" hökuməti nə Qərblə anlaşa bilir, nə də regionda gedən siyasi proseslərlə ayaqlaşa bilir. Moskvadan gələn narrativlərlə hərəkət edir. "Gürcü Arzusu" hökuməti Cənubi Qafqazda Rusiyanın əsas dayağı kimi çıxış edir.
Azərbaycan üçün Gürcüstanın Rusiya ilə deyil, Qərblə əməkdaşlığı daha vacibdir. Amma gürcü hökuməti guya müstəqil siyasət apardığını elan edib. Ümumiyyətlə, bir ölkənin müstəqil və manevr siyasəti üçün onun iqtisadiyyatı və resursları olmalıdır".
Politoloq qeyd edib ki, son 15 ildə Gürcüstanda formalaşmış demokratik institutlar da risk altındadır:
"Gürcüstan hökuməti Rusiyanın təlimatı ilə hərəkət etməklə 15 il ərzində formalaşmış demokratik sistemi dağıdır. Yaxın perspektivdə Gürcüstan Şimal-Cənub və Şərq-Qərb marşrutundan tam məhrum olacaq. Çünki Tiflisdə oturan hökumət Kremlin göstərişi ilə hərəkət edir".