Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, rayonun keçmiş baş memarı Tofiq Kərimov iki il əvvəl rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs olunmuşdu. 72 yaşlı Tofiq Kərimovun işi üzrə araşdırmalar yekunlaşıb və o, bir neçə gün əvvəl həbsdən buraxılıb.
Bizimyol.info xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş məmura hökm oxunub. Hökmə əsasən, ona qarşı irəli sürülmüş rüşvət və cəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları Cinayət Məcəlləsinin 178.-ci (dələduzluq) maddəsinə tövsif olunub. Bu maddə ilə ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Verilmiş cəza müddəti də artıq çəkildiyinə görə o, hökm oxunarkən məhkəmə zalından azadlığa buraxılıb.
Tofiq Kərimov 25 min manat rüşvət almaqda ittiham olunur. İttihama əsasən, bu pul Tərtər şəhərində köhnə evlərdən birini alıb sökərək, yerində ikimərtəbəli ev tikmək istəyən şəxsdən alınıb. Həmin şəxs ikimərtəbəli binanın birinci mərtəbəsini obyekt - mağaza, ikinci mərtəbəsini isə ev kimi sənədləşdirmək istəyib. Tikilinin ümumi sahəsi 344 kvadrat metr olmalıymış.
Lakin həmin şəxs sonradan ondan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib və Tofiq Kərimov həbs edilib.
Tofiq Kərimov isə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə özünü təqsirli bilməyib. O bildirib ki, bu cür tikintilərə icazə vermək, onları sənədləşdirmək onun səlahiyyətində olan məsələ deyildi. Təqsirləndirilən məmurun sözlərinə görə, onu həmin adamla Sənan adlı keçmiş polis işçisi tanış eləyib: “Gəlib mənə dedilər ki, Tərtər rayonunda birinci mərtəbəsi qeyri-yaşayış, ikinci mərtəbəsi isə yaşayış sahəsi üçün nəzərdə tutulan ikimərtəbəli bina tikmək istəyirlər. Mən dedim ki, bina tikintisi üçün icazə mənim səlahiyyətimdə deyil, ona görə kömək eləyə bilməyəcəm. Onlar gedəndən sonra həmin polis qohum xahiş elədi ki, yenidən o adamlarla görüşüm. Ona da eyni cavabı verdim ki, mənim səlahiyyətimdə olan məsələ deyil. Sonra həmin qohum zəng eləyib xahiş elədi ki, onlardan 25 min manatı götürüb, köməklik eləyim. O zaman pula ehtiyacım vardı. Bu səbəbdən pulu götürdüm. O adamların məqsədinin bina tikmək yox, məni həbs etdirmək olduğunu isə sonradan anladım”.
Tikinti aparmaq istədiyini iddia edən şəxs Tofiq Kərimovdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə niyə şikayət etməsini, onu nəyin qane etmədiyini izah edə bilməyib.
Məhkəmədə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi də dindirilib. O bildirib ki, evin tikintisi ilə bağlı icazənin verilməsi, yalnız şəhərsalma qurumunun səlahiyyətləri daxilindədir. Yəni İcra Hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Nümayəndə onu da qeyd edib ki, Tofiq Kərimovdan şikayət edən şəxs tikinti aparmaq istəməsi barədə icra hakimiyyətinə heç vaxt müraciət etməyib: “İcra Hakimiyyətinin Memarlıq şöbəsinin, ümumiyyətlə qeyri-yaşayış binalarının tikilməsi ilə əlaqədar heç bir səlahiyyəti yoxdur”.