Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq.
Bu barədə Report-a AB-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper deyib.
"Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - AB nümayəndəsi bildirib.
O qeyd edib ki, AB Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Azərbaycanla sərhədə yerləşdirilmiş AB-nin müşahidə missiyasının (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyini götürməsi ilə bağlı məlumat yayılmışdı.
Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a deyib ki, Ermənistan hazırda elə bir mərhələyə qədəm qoyub ki, bu ölkədə baş verənləri nə beynəlxalq hüquq, nə humanitar qaydalar, nə də qanunlar həll edə biləcək:
"Burada hər şey güc faktoruna əsasən müəyyən olunacaq. Ermənistandakı maraqlı qruplar artıq qanunlardan və beynəlxalq normativlərdən çıxış etməyəcək, yalnız gücə əsaslanacaqlar. Kim daha çox güc nümayiş etdirə bilsə, onun maraqları təmin olunacaq.
1990-cı illərdə Ermənistan sərhədlərinin müdafiəsini Rusiya təhlükəsizlik qüvvələrinə həvalə etmişdi. İndi isə Paşinyan iqtidarı Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsini Amerika şirkətinə, dolayısı ilə ABŞ-a həvalə edir. Bu, ciddi ziddiyyət yaradır. Bir neçə gün öncə Ermənistan bildirdi ki, Vaşinqton razılaşmalarından sonra AB-nin müşahidə missiyasına ehtiyac qalmır. Lakin AB bunun əksini bəyan etdi. Bu, onu göstərir ki, tərəflər Ermənistanın mövqeyindən asılı olmayaraq burada güc qarşıdurmasına girəcəklər. Əslində
Vaşinqton razılaşmalarından öncə də Avropa missiyasının bölgədə yerləşdirilməsinə ehtiyac yox idi. Azərbaycan tərəfinin Ermənistana hücum niyyəti olmayıb. Əgər belə olsaydı, indiki şəraitdə Ermənistan ordusunun zəif vəziyyətindən istifadə edilə bilərdi. Deməli, missiyanın yerləşdirilməsi yalan bəyanatlarla əsaslandırılmışdı. Vaşinqton razılaşmasından sonra isə bu əsas tamamilə aradan qalxıb.
Buna baxmayaraq, AB missiyanın qalacağını bildirir. Halbuki, onun guya məqsədi Ermənistanı mümkün hücumdan qorumaq idi. Missiyanın burada qalması məsələsi Ermənistanın mövqeyindən asılı olacaq. Azərbaycan, İran və Rusiya ilk gündən bu missiyaya qarşı çıxıb, Türkiyə də bunun lazımsız olduğunu bildirib".
Analitik vurğulayıb ki, əgər Ermənistan həqiqətən Vaşinqton razılaşmalarına əməl etmək, sülhə can atmaq və beynəlxalq layihələrin işləkliyini təmin etmək istəyirsə, müşahidə missiyasına ehtiyac olmadığını bəyan etməlidir:
"Əks halda, rəsmi İrəvan bundan sonra baş verəcəklərlə razılaşmalı olacaq. Proseslər hazırda Ermənistanda güc qarşıdurmasına doğru gedir: sərhədləri Rusiya qoruyur, ABŞ iqtisadi və siyasi təsir üçün bölgədədir, AB-nin müşahidə missiyası mövcuddur, İran amili də nəzərə alınmalıdır. Əgər Ermənistan bu məsələləri həll edə bilməsə, ölkə yaxın gələcəkdə qlobal güclərin hərbi olmasa da, iqtisadi, siyasi və ya proksi qüvvələr vasitəsilə qarşıdurma meydanına çevrilə bilər".