Avropa İttifaqı Moldovaya Ukrayandan daha tez üzvlük bəxş edə bilər.
Musavat.com “Qordon media”ya istinadən xəbər verir ki, bu barədə Politico saytı məlumat yayıb.
Aİ bu addımı Moldovada sentyabrda keçiriləcək seçkilərdən əvvəl ata bilər. Məsələyə bələd olan üç diplomat və bir Aİ nümayəndəsinin verdiyi məlumata görə, nəzərdən keçirilən ssenariyə əsasən, Aİ ölkələri gələn ayın əvvəlində, Aİ nazirlərinin görüşündən sonra Moldovanın üzvlük yolunda əsas hüquqi addım sayılan ilk danışıqlar fəslinin açılması üçün səs verə bilər.
Gözlənilir ki, bu addım hazırkı prezident Maya Sanduya güclü seçki dəstəyi qazandıracaq. Onun partiyası seçki kampaniyasını Avropa yönümlü platforma üzərində qurub və Moskvanın seçiciləri öz tərəfinə çəkmək cəhdləri ilə üz-üzədir.
Media qeyd edir ki, Moldovaya irəliləməyə imkan verilməsi, Ukraynanın isə gözləmə vəziyyətində qalması Kiyevi qəzəbləndirə bilər. “Burada ukraynalılara yanlış siqnal göndərmək təhlükəsi var. Alyaskada gələcək sülhün müzakirə olunduğu bir vaxtda, Aİ-yə üzvlük perspektivini maksimum dərəcədə dəstəkləməyimiz vacibdir”, – deyə, ukraynalı diplomat bildirib.
Avropa Komissiyası nümayəndəsinin sözlərinə görə, həm Moldova, həm də Ukrayna Aİ-yə üzvlük üçün genişmiqyaslı islahatlar həyata keçirib və ilk danışıqlar fəslinin açılması üçün bütün zəruri addımları atıb. “Birinci klasteri bloklamaq üçün obyektiv səbəb yoxdur”, – nümayəndə elektron poçt vasitəsilə göndərdiyi açıqlamada bildirib.
Nəşr xatırladır ki, Moldovadan fərqli olaraq, Ukraynanın müraciətini Macarıstan bloklayır. Diplomatlar və rəsmilər bildirirlər ki, vəziyyət xüsusilə cümə günü Alyaskada Tramp və Putinin görüşü fonunda sürətlə dəyişə bilər. Əgər liderlər razılaşmaya gələr və Ukraynanın Aİ-yə üzvlüyünü onun əsas elementi kimi müəyyən etsələr, Tramp, Orbana Kiyevin üzvlüyünə qarşı müqavimətini aradan qaldırmaq üçün təsir göstərə bilər.