Müharibə dövründə Adam Şiff açıq-aşkar diaspordan aldığı pullarla ölkəmizə qarşı kampaniya aparırdı. Hazırda Adam Şiff Amerikada böyük qalmaqal müşayiəti ilə ciddi şəkildə ittiham olunur. Adam Şiff Azərbaycana qarşı təbliğatı ilə tanınır. Belə ki, Adam Şiff ötən il Azərbaycana məxsus aktivləri hədəfə alan və onları İkinci Qarabağ müharibəsində, eləcə də sonrakı hərbi əməliyyatlarda köçən ermənilərə vermək məqsədi güdən qanun layihəsini Konqresə təqdim edib. Eyni zamanda ABŞ-nin ermənipərəst konqresmeni Adam Şiff Ermənistandakı revanşistlərə maliyyə yardımının ayrılması ilə bağlı təşəbbüslərlə çıxış edib.
Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Amerikada bəzi siyasətçilər erməni lobbisinin maliyyə dəstəyi ilə erməniləri müdafiə edirlər və bu, artıq real faktdır, mühakimə olunan ermənipərəst amerikalı siyasətçilərin məhkəmələrində də sübut olunub: “Belə siyasətçilərdən biri də senator Adam Şiffdir. Adam Şiff öz maraqları çərçivəsində erməniləri müdafiə edir. Ümumiyyətlə, ortada da maddi maraq olmasa, heç bir zaman erməniləri müdafiə etməzlər. Həmin siyasətçilər indiki administrasiya tərəfindən arzuolunmaz şəxs kimi qəbul olunurlar. Donald Trampın dediyi kimi onlar daxili düşmənlərdir. Tramp birbaşa demişdir ki, Adam Şiff daxili düşməndir. Onun çirkin əməlləri mətbuatda da ifşa olunur. Tramp hakimiyyəti onları bir-bir ifşa edib Amerika ictimaiyyətinə təqdim edir. Bundan böyük zərbə ola bilməz”.
Elnur Eltürk qeyd edib ki, senator Şiffin Azərbaycana qarşı qərəzinin arxasında öz maraqları dayanır.
“Onlar yenidən bölgədə vəziyyətin qarışmasında maraqlıdırlar. Prezident İlham Əliyevin cənubi Qafqazla bağlı yürütdüyü siyasəti qəbul edə bilmirlər. Çünki bölgədə sülh prosesi sürətlənərsə, onların əllərində hansısa əsas rıçaq qalmayacaq. Onlar üçün maraq əsas şərtdir. Ermənistan və ermənilər onlar üçün əhəmiyyətli deyil. Kim daha çox maliyyə verəcəksə, sabah onu müdafiə edəcəklər. Özlərini satışa qoyan siyasətçilərdir. Amma onların çirkin oyunları heç bir nəticə verməyəcək. Öz çirkin oyunları içində boğulacaqlar. Necə ki, həmin proses başlanıb. Qarşıda daha böyük sürprizləri müşahidə edəcəyik”.