“Rusiya Xarici İşlər Nazirliyi yanlış məlumat yayır. Azərbaycan Ukraynaya yalnız və yalnız humanitar yardımlar göndərir. Sonuncu olaraq biz bilirik ki, elektrik naqilləri, transformatorlar və generatorlar göndərilib. Bu addım təkcə Azərbaycan-Ukrayna əlaqələrindən deyil, həm də Azərbaycanın humanitar prinsiplərə və humanizm dəyərlərinə sadiqliyindən irəli gəlir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
O, Rusiya XİN tərəfindən guya Azərbaycan ordusunun arsenalında olan silahların Ukraynaya verilməsi ilə bağlı yaydığı dezinformasiya xarakterli məlumatı şərh edib.
Müsahibimizin sözlərinə görə, digər tərəfdən, son aylarda Rusiya mediasında Azərbaycana qarşı qarayaxma kampaniyaları açıq şəkildə güclənib:
“Rəsmi və qeyri-rəsmi dairələrdən ölkəmizə qarşı kəskin və həqiqəti əks etdirməyən ittihamlar səsləndirilir. Bu tendensiya artıq aylarla davam edir və Vaşinqton görüşündən sonra təzyiqlər daha da artıb. Bu isə bir daha göstərir ki, hər məsələ siyasiləşdirilir, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir”.
Onun sözlərinə görə, Rusiya anlamalıdır ki, artıq keçmişdə olduğu kimi, bölgədə imperialist maraqlar güdmək və onları həyata keçirmək dövrü bitib:
“Postsovet məkanındakı hər bir ölkə kimi, Azərbaycan da müstəqil siyasət yürüdür və hər bir dövlətin öz milli maraqları var. Bu maraqlar bəzən Rusiyanın maraqları ilə üst-üstə düşməyə bilər, lakin bu, həmin ölkənin öz mövqeyini Rusiyanın istəklərinə uyğunlaşdırmalı olduğu anlamına gəlmir”.
S. Zahidovun fikrincə, Azərbaycanın Vaşinqtonda əldə etdiyi uğur yalnız ölkəmizin mövqeyini gücləndirmir, həm də Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və inkişafın bərqərar olmasına, nəqliyyat-kommunikasiya xətlərinin açılmasına şərait yaradır:
“Bu prosesdən bütün region ölkələri faydalana bilər. Rusiya bunu müsbət qarşılamasa belə, bu nəticələr Azərbaycanın müstəqil və uzaqgörən xarici siyasətinin təzahürüdür. Rusiyanın Azərbaycanın Ukraynaya yardımı ilə bağlı mövqeyinə gəlincə, bir daha vurğulamaq lazımdır ki, bu iddialar həqiqətə uyğun deyil. Üstəlik, Ermənistan-Azərbaycan münaqişəsi zamanı uzun illər ərzində Ermənistana siyasi, iqtisadi və hərbi dəstək verən Rusiya Azərbaycanı guya Ukraynaya hərbi yardım göstərməkdə ittiham etmək üçün mənəvi haqq sahibi deyil”.