Naxçıvan MR Ali Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Cəfər Cəfərovun (ad və soyad şərti) barəsindəki qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərman Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 11 fevral 2025-ci il tarixdə, saat təxminən 18:00 radələrində Naxçıvan MR, Şərur şəhəri, Nizami küçəsində yerləşən sərnişin dayanacağının yanında qeydə alınıb.
Belə ki, 2009-cüu il təvəllüdlü Cəfər Cəfərov dayanacaqda mikro avtobus gözləyən, əvvəlcədən tanıdığı, lakin adını bilmədiyi, 2007-ci il təvəllüdlü, zərərçəkmiş Valeh Əkbərli (adı, soyadı şərtidir) ilə qarşılaşıb. O, zərərçəkmişdən hansı kənddən olduğunu soruşub. Valeh isə “problem axtarırsan” sözünü deyib. Sonra Cəfər heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi bıçaqla ona qəsdən bir zərbə endirərək bədən xəsarəti yetirib.
Hadisədən sonra Cəfər Cəfərov saxlanılaraq istintaqa cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.