Məlum olduğu kimi, Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrası dayandırılıb. Bununla da, Azərbaycanın ABŞ hökumətindən bilavasitə yardım almasını yasaqlayan əngəl ortadan qaldırılıb ki, bu da dövlətimiz üçün tarixi uğur, diplomatik nailiyyətdir. Hansı ki, bu yenilik Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilib:
“33 il sonra bu qadağalar aradan qaldırıldı. Biz bu tarixi günü yaddaşımızda həkk edəcəyik. Bu, Prezident Donald Trampa Azərbaycan xalqı adından dərin minnətdarlığımızı və fəxrimizi ifadə edir.”
“907-ci düzəliş”in ləğvi Azərbaycan üçün bir sıra iqtisadi-siyasi faydalar vəd edir ki, bunlardan biri dünyanın bir nömrəli supergücünün iqtisadi imkanlarından yararlanmaq imkanının əldə edilməsidir. Unutmayaq ki, 33 il ərzində ölkəmizin belə bir imkanı olmayıb. Azərbaycan “907-ci düzəliş”in ləğvinə nail olmaqla, ABŞ-ın birbaşa iqtisadi dəstəyini təmin etdi ki, bu da müstəqillik tariximizdə diplomatiyamızın qazandığı böyük uğurlardan biridir.
İkincisi, “907-ci düzəliş”in ləğvi Azərbaycanın siyasi nüfuzunun da beynəlxalq aləmdə güclənməsi ilə nəticələndi. Azərbaycan bu səddi aşmaqla bütün dünyaya sübut etdi ki, o, beynəlxalq siyasi münasibətlər sistemində kifayət qədər təcrübəli oyunçudur və istənilən çətinliyi dəf etmək, istənilən uğursuzluğu zəfərə çevirmək potensialına malikdir.
Nəhayət, Prezident İlham Əliyev “907-ci düzəliş”in ləğvinə nail olmaqla, bütün anti-Azərbaycan qüvvələrini, eləcə də, erməni diasporunu, erməni lobbisini növbəti dəfə ağır məğlubiyyətə uğratdı. Azərbaycanı sanksiyaların, qadağa və yasaqların əsirinə çevirmək istəyənləri məyus etdi.
Artıq “907-ci düzəliş” yoxdur. Artıq Azərbaycan ABŞ-la tamhüquqlu tərəfdaşdır. Və artıq ABŞ-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışan bütün qüvvələrin edə biləcəyi bir şey var: Azərbaycanın uğurlarına şahid olmaq və köks ötürmək!
Seymur ƏLİYEV
Moderator.az