Cənubi Qafqaz regionunda siyasi proseslər sürətlə cərəyan edir. Azərbaycanla Ermənistan arasında uzun illərdən bəri davam edən münaqişənin nizamlanması üçün atılan addımlar yeni mərhələyə qədəm qoyur. Xüsusilə, ABŞ-nin vasitəçiliyi ilə Ağ Evdə keçirilən görüş və memorandumun imzalanması bölgədə geosiyasi balansları dəyişdirə bilər.
Bu prosesdə Cənubi Qafqazda Rusiyanın uzun illərdir hökm sürdüyü hegemonluğun zəifləməsi perspektivi ortaya çıxır ki, bu da Azərbaycan və regionun digər maraqlı tərəfləri üçün mühüm geosiyasi dönüş nöqtəsi ola bilər. Lakin Rusiyanın bu prosesə kəskin narazılığı və reaksiyası qaçılmazdır. Moskva regiondakı mövqeyini itirməmək üçün müxtəlif vasitələrlə, o cümlədən Ermənistan üzərindən təsir mexanizmlərini gücləndirməklə, bu razılaşmanın pozulmasına çalışacaq. Rusiyanın Zəngəzur dəhlizinə nəzarətin ABŞ-nin şirkətlərindən birinə keçməsini regiondan çıxarılması kimi qiymətləndirəcəyi və buna qarşı sərt addımlar atacağı gözlənilir.
Politoloq Abutalıb Səmədov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında imzalanan sənədlər yalnız iki ölkə arasında münasibətlərin tənzimlənməsi deyil, həm də böyük geosiyasi oyunların yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir:
“Bu addım Cənubi Qafqazda yeni geosiyasi oyun qaydalarının formalaşmasına zəmin yarada bilər. Xüsusilə, sənədin Ağ Evdə, yəni ABŞ-nin nüfuzlu siyasi mərkəzində imzalanması, ABŞ-nin regiondakı aktiv mövqeyinin göstəricisi olmaqla yanaşı, Rusiyanın bölgədəki dominant mövqeyinin əhəmiyyətli dərəcədə azaldılmasına işarədir. ABŞ Prezidenti Donald Trampın bu prosesə verdiyi şəxsi önəm, Cənubi Qafqazın gələcəyində ABŞ-nin əsas rol oynayacağının siqnalını verir. Bu isə Rusiyanın bölgədəki illərlə formalaşmış hegemonluğunun zəifləməsinə və əvəzində ABŞ-nin regiona daha aktiv şəkildə daxil olmasına səbəb olacaq.
Bir digər mühüm məqam Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Bu dəhliz yalnız iqtisadi və nəqliyyat baxımından deyil, həm də geosiyasi mənada çox böyük əhəmiyyətə malikdir”.
A. Səmədovun fikrincə, Rusiyanın hazırkı şəraitdə bu razılaşmaya kəskin reaksiyası gözlənilmir. Bunun başlıca səbəbi, Rusiyanın Ukrayna münaqişəsi ilə məşğul olması və yaxın günlərdə Putinlə Tramp arasında görüşün planlaşdırılmasıdır:
“Lakin uzunmüddətli perspektivdə Moskvanın regiondakı mövqeyini qorumaq üçün müxtəlif vasitələrə əl atacağı qaçılmazdır. Xüsusilə, Zəngəzur dəhlizinə nəzarətin ABŞ-nin şirkətlərindən birinə keçməsi Rusiyanın Cənubi Qafqazdan çəkilməsinin simvolu kimi qəbul ediləcək və dünya siyasətində əhəmiyyətli dəyişiklik yaradacaq.
Bundan əlavə, Ermənistanın daxili siyasətində Rusiyanın revanşist qüvvələri və iqtisadi rıçaqları vasitəsilə təsir göstərmə ehtimalı yüksəkdir. Paşinyanın hakimiyyətdə qalması, ABŞ və Qərb ilə yaxınlaşma xəttinin davamı üçün vacibdir, amma bu, həmçinin Rusiyanın Ermənistandakı təsirini zəiflədə bilər. İran faktorunu da unutmamaq lazımdır. Tehran ABŞ-nin regiona nüfuz etməsini istəmir və Ermənistan vasitəsilə öz təsir dairəsini saxlamağa çalışır. Buna görə, həm İran, həm də Rusiya memorandumun icrasına qarşı müxtəlif yollarla maneə yaratmağa çalışacaqlar”.