Müəllimlərin işə qəbulu (MİQ) üzrə texnologiya fənnindən vakant yerlərin gizlədildiyi iddia edilir. “Bakı-Xəbər” yazıb ki, bu şikayətlə bir qrup müəllim sosial şəbəkədə çıxış edib. Onlar bildirir ki, builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıb. Bu da həmin fənn üzrə bu il imtahanda iştirak edərək müvafiq nəticəni göstərən müəllimlər arasında narazılığa səbəb olub. İddia edilir ki, mövcud vakansiyalar gizlədilir və seçim prosesi zamanı göstərilmir.
Arayış üçün deyək ki, müəllimlərin işə qəbulu imtahanı 2009-cu ildən etibarən həyata keçirilməyə başlanıb və ilk dəfə həmin ildə 260-a yaxın gənc müəllim Bakı şəhəri üzrə orta ümumtəhsil məktəblərində işə qəbul edilib, bununla da Azərbaycanda işə qəbul imtahanının yeni bir mərhələsi başlanılıb.
Müəllimlərin işə qəbulunda vakant yerlərin gizlədilməsi fikri, iddiası hər il səslənir. Ümumiyyətlə, vakant yerlərin gizlədilməsi ciddi problemdir. Bəzən vakansiyaya az saat çıxarılır və gənclər həmin məktəblərə getmək istəmirlər.
Müəllimlər üçün vakant yerlərin gizlədilməsi necə həyata keçirilir? Əgər builki imtahanlarda texnologiya fənninin tədrisi üçün heç bir vakant yer ayrılmayıbsa, onda niyə bu imtahan keçirilir?
Qeyd edək ki, əslində, bu iddialar ilk dəfə səsləndirilmir. Müəllimlərin işə qəbul prosesi başladığı gündən, yəni 2009-cu ildən bəri hər il vakant yerlərin gizlədilməsi ilə bağlı eyni narazılıqlar təkrarlanır. Hətta bəzi ekspertlər bu problemin sistematik xarakter daşıdığını deyirlər.
Qeyd edək ki, MİQ imtahanı ilk dəfə tətbiq edilən 2009-cu ildə təxminən 260 gənc müəllim Bakı məktəblərinə işə qəbul edilmişdi. O vaxtdan bu yana müsabiqənin texniki və təşkilati tərəflərində irəliləyişlər olsa da, vakansiyaların şəffaf şəkildə təqdim olunması problemi hələ də öz həllini tapmayıb.
“Yeni Müsavat”a danışan təhsil eksperti Elmin Nuri problemin köklərinin daha dərin olduğunu bildirib və texnologiya fənninin sistemli şəkildə gözdən salındığını deyib: “Ümumiyyətlə, texnologiya fənninə son illərdə göstərilən laqeyd münasibət ciddi şəkildə düşündürücüdür. Bu məsələ artıq ayrıca bir ictimai müzakirə panelinin mövzusu olmalıdır. Əgər bu fənnə ehtiyac yoxdursa, o zaman universitetlərdə bu ixtisas ümumiyyətlə ləğv edilməlidir. Yox, əgər bu ixtisas bizə lazımdırsa və universitetlərdə tədris olunursa, o zaman vakant yerlərin açıq şəkildə təqdim olunmaması ciddi suallar doğurur”.
Ekspertin fikrincə, texnologiya fənni üzrə vakansiyaların təqdim olunmaması təkcə MİQ-in təşkili ilə bağlı deyil, bu, fənnin tədris yükü və məktəblərdəki mövqeyi ilə birbaşa əlaqəlidir: “Texnologiya fənni orta məktəblərdə cəmi həftədə bir dəfə tədris olunur. O deməkdir ki, həmin fənni tədris edən müəllimin əməkhaqqı çox aşağıdır, bəlkə də məktəbdə çalışan digər müəllimlərin maaşının yarısı qədər belə deyil. Digər fənlərdən fərqli olaraq, texnologiya müəllimi əlavə dərs saatı, kurs və ya repetitorluq imkanı ilə maaşını artırmaq imkanına malik deyil. Fizika, kimya, tarix müəllimləri kimi əlavə qazanc imkanları yoxdur. Bu baxımdan texnologiya müəllimlərinə bu gün az qala qəhrəman kimi baxmalıyıq. Ən az əməkhaqqı, ən az dərs saatı, ən az hörmət... Amma biz bu sahədə nə edirik? Onların sayını artırmaq, dərs saatlarını çoxaltmaq əvəzinə, vakansiyaları sıradan çıxarırıq. Bu, açıq-aşkar fənnə və bu sahədə çalışanlara qarşı laqeyd münasibətdir”.
Ekspert qeyd edib ki, texnologiya fənni heç də əhəmiyyətsiz deyil, əksinə, bu fənn şagirdləri gələcək peşə həyatına hazırlayan, praktiki bacarıqlar qazandıran vacib komponentlərdən biridir: “Texnologiya fənninin kurikulumu digər fənlərdən heç də geri qalmır. Bu fənn əmək bazarı ilə sıx təmasda olan, peşə təhsili ilə bilavasitə əlaqəli istiqamətdir. Təəssüf ki, vaxtilə ‘əmək təlimi’ fənninə necə laqeyd yanaşırdıqsa, indi də onun xələfi olan texnologiya fənninə eyni münasibəti göstəririk”.
E.Nuri həmçinin qeyd edib ki, müəllimlər üçün vakant yerlərin gizlədilməsi artıq uzun illərdir davam edən sistemli problemdir: “Bu, təəssüf ki, yeni məsələ deyil. Elm və təhsil naziri Emin Əmrullayev özü də bu problemin mövcudluğunu bir neçə dəfə etiraf edib. Etiraf etmək lazımdır ki, nazirlik son illərdə bu sahədə müəyyən addımlar atıb, şəffaflıq istiqamətində ciddi işlər görülür. Amma problem tam aradan qalxmayıb. Əgər məsələ kökündən həll edilsəydi, bu qədər geniş narazılıq dalğası yaranmazdı. Niyə yüzlərlə müəllim bu barədə etiraz edir? Heç kim durduğu yerdə yalan danışmır”.
“Yeni Müsavat”