Ermənistanın "Hraparak" nəşrinin məlumatına görə, son həftələrdə Rusiya Gümrüdəki 102-ci hərbi bazasını əhəmiyyətli dərəcədə gücləndirir, bölgəyə hər gün hərbi yük daşıyan təyyarələrin enməsi müşahidə olunur. Bəs Rusiyanın bu addımı nəyə hesablanıb? Bu hərbi aktivlik Moskvanın Cənubi Qafqazdakı sülh prosesini ləngitmək və ya öz maraqlarına uyğun şəkildə yönləndirmək cəhdi kimi qiymətləndirilə bilərmi? Rusiya Ermənistanda hərbi qüvvələr yığmaqla sülh prosesini pozmağa nail ola bilərmi?
Bu barədə Moderator.az –a danışan politoloq Bakir Həsənbəyli bildirib ki, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının son həftələrdə ciddi şəkildə gücləndirildiyi ilə bağlı məlumatlar erməni ictimaiyyətində çoxlu suallar yaradıb. Onun sözlərinə görə, baza ərazisinə çoxlu sayda hərbi texnika və sursat daşınması müxtəlif ehtimalların yaranmasına səbəb olub:
“Hər gün bir neçə yük təyyarəsi Gümrüdə eniş edərək hərbi yükləri bazaya çatdırır. Silah-sursat tədarükünün konkret məqsədi hələ ki, bilinmir. Lakin bir sıra ehtimallar səsləndirilir. Onlardan biri də, Rusiya regional vəziyyətdə mümkün dəyişikliklərə hazırlaşır. Baxmayaraq ki, rəsmi Moskva Ermənistanı tərk etmək məsələsində hələlik sakit mövqe nümayiş etdirir, bu hərəkətlər fərqli planların mövcudluğuna işarə edə bilər. Moskva daim öz varlığını münaqişələr fonunda qoruyub saxlayıb. Öncə münaqişələr yaradılır, sonra həmin münaqişələrin aradan qaldırılması üçün hakim obrazını yaradır. Qarabağla bağlı proseslərdə məhz bu konteksdə baş vermişdi. Hal-hazırda Rusiya Ukrayna labirintindədir. Onun üçün 2-ci cəbhənin açılması arzu edilən deyil. Lakin neoimperialist zehniyyət də, öz işini görməkdədir. Rusiyanın 102-ci hərbi bazaya əlavə sursat toplaması yalnız Ermənistan üçün xoş qarşılanacaq situatsiya deyil. Hər hansı bir ölkənin hərbi bazasının digər bir ölkədə olması həmin ölkə üçün həmişə təhlükənin olması qənaətini də yaradır. Nəzrə alsaq ki, Ermənistan kimi sürüşkən siyasət yürüdən dövlət üçün 102-ci hərbi bazanın ölkəsində olması həmişə təhlükəli olub. Lakin Ermənistanın forpost mahiyyəti, eyni zamanda Rusiyaya tətbiq olunmuş sanksiyaların dəlinməsindəki “rolu” hələ ki, onu bu məsələdə sığortalayır. Lakin Ermənistanın xarici siyasətindəki Rusiyanın qırmızı xətlərinə xələl kətirəcək kardinal siyasəti olarsa, bu təhlükə reallaşa bilər”.
Politoloq əlavə edib ki, konkret Azərbayca – Ermənistan sülh müqaviləsinin imzalanmasına gəldikdə isə Rusiya özünün cinayət xarakterli səhvlərinə görə bu prosesdən kənarda saxlanılır:
“Bütün cəhdlərinə rəğmən Rusiyanın prosesə yenidən daxil olması hər iki tərəfin maraqlarına ziddir. Nə qədər qəribə səslənsə də, münaqişə başlayandan bu günə kimi Azərbayca və Ermənistan tərəfi bu məsələdə ilk dəfə olaraq yekdil fikirdədilər. O, zaman sual oluna bilər, Rusiya münaqişənin yenidən qızışdırılması və ya sülh müqaviləsinə mane olmaq üçün hər hansı təhrikedici addımlar ata bilərmi? Əvvala qeyd edim ki, Rusiyanın sərhəd bölgələrində təxribatları mümüknüdür. Rusiya özünün Ermənistandakı 5-ci kolonu vasitəsilə məhz ölkədaxili qarşıdurmaları tətikləyə bilər. Dayanıqlı və davamlı sülhə mane olmaq cəhdləri isə düşünürəm ki, nəticə verməyəcək. Əvvəla Rusiyanın Azərbaycana siyasi, iqtisadi, hərbi təzyiq imkanları artıq yoxdur. Yeganə nüans miqrantlar məsələsi idi ki, Rusiya bu prosesin də Azərbaycanı müstəqil siyasət yürütmə taktikasından çəkindirə bilmədi. Belə olan təqdirdə kiçik zaman kəsimlərində atəşkəsin pozulması istisna, Rusiyanın məhz Azərbaycana hər hansı təsir imkanları artıq sıfırlanıb. Ermənistanın isə 3-cü müharibəyə yaxın bir neçə ildə hazır olması real görünmür”.