TikTok sosial şəbəkəsində “Roşka” ləqəbi ilə tanınan Rövşən Süleymanovun barəsində başlanmış cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində ilkin baxış iclası keçirilib.
Musavat.com xəbər verir ki, proses hakim Roman Ələkbərlinin sədrliyi ilə baş tutub.
İclas zamanı təqsirləndirilən şəxs ona ittiham aktının təqdim olunmadığını bildirib.
Bundan sonra onun anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri bir daha elan olunub.
Təqsirləndirilən şəxsin müdafiəçisi iclasın bu mərhələsində hər hansı vəsatət irəli sürmədiyini bildirib. Ardınca dövlət ittihamçısı ittiham aktını elan edib.
Rövşən Süleymanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edib.
Məhkəmə kollegiyası növbəti iclasın qeyri-müəyyən tarixə təxirə salınması barədə qərar verib. Bildirilib ki, növbəti iclasda təqsirləndirilən şəxs ifadə verəcək.
Qeyd edək ki, Rövşən Süleymanov cari ilin yanvar ayında polis orqanları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Həmin tədbirlər sosial şəbəkələrdə əxlaqa zidd məzmunun yayılması ilə mübarizə məqsədi daşıyıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
R.Süleymanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşıma) ittiham irəli sürülüb.
Xatırladaq ki, Rövşən Süleymanova daha əvvəl də 45 sutkalıq inzibati həbs cəzası verilib.