“Dünyada baş verən hadisələr, geosiyasi gedişlər, iqtisadi müharibələr əlbəttə vacibdir, ancaq Azərbaycan üçün həlledici deyil. Azərbaycanda daha böyük problem var. Bu neftin özünün azalmasıdır. Getdikcə daha da çox azalacaq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov deyib. O, bildirib ki, neft gəlirlərinin azalması tendensiyası davam edəcək:
“Bu azalma elə də böyük deyil. Əvvəlki illərdə də prinsipcə belə hallar baş verirdi. Amma mən həqiqətən qorxuram ki, bu tendensiya davam edəcək. Dünyadakı geosiyasi gərginlik neftin qiymətini bizim üçün məqbul səviyyədə saxlamaq imkanı verir. Əks halda, neftin qiyməti çoxdan enmişdi”.
Ekspert vurğulayıb ki, Azərbaycan iqtisadiyyatını qeyri-neft sektoru üzrə inkişaf etdirməli idi:
“Əgər hər şey yaxşı olsa, neftin qiyməti çox aşağı düşəcək və bizim üçün ciddi problemlə çevriləcək. Neftin özü azalmağa davam etdiyi üçün qiymətin dəyişməsi elə də böyük rol oynamır. Mən hesab edirəm ki, bəli, Neft Fondunun gəlirləri ildən-ilə azalan xətlə gedəcək. Əgər neftin qiyməti düşsə, onda lap sürətlə azalacaq. Biz çoxdan bu günə hazırlaşmalıydıq. Əslində, cənab prezident hələ 2015-ci ildə, 10 il əvvəl demişdi ki, neft erası bitib. Biz artıq iqtisadiyyatımızı qeyri-neft sektorunda inkişaf etdirməliyik. Amma etdirə bilmirik”.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ili 7 milyard 858 milyon 250 min manat xalis mənfəət ilə başa vurub. Fond 2023-cü ili 8 milyard 102 milyon 89 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ARDNF-in xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 244 milyon 539 min manat və ya 3% azalıb.