“Əslində İsrailin bu qədər güclü olması və xüsusilə hərbi, kəşfiyyat və texnologiya sahələrində yüksək səviyyəyə çatması bir çox faktorun və uzunmüddətli strategiyanın nəticəsidir. Bu uğurun arxasında həm daxili faktorlar, həm də xarici təhlükələrə qarşı cavabvermə məcburiyyəti, bir növ “özünümüdafiə” instinkti dayanır”.
Bu sözləri Globalinfo.az-a Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, İsrailin regional siyasəti, Ərəb–İsrail müharibələri, uzun onillərdir davam edən Fələstin problemi, 1979-cu il inqilabından sonra İran faktoru bu ölkənin hər zaman müharibəyə hazır olmaq, özünü qorumaq və təhlükəni qabaqlamaq strategiyasını əsas götürməsinə səbəb olub:
“Bu isə öz növbəsində cəmiyyətin və dövlət strukturlarının mobilizasiyasına, təhlükəsizlik və texnologiyaya böyük sərmayələrin ayrılmasına təkan verib.
Vüqar Zifəroğlu
İsrailin gücü yalnız bir sahəyə deyil, bütün sistemin effektiv işləməsinə bağlıdır. Bu sistem yüksək texnologiyaya əsaslanır, effektiv kəşfiyyat şəbəkəsi ilə idarə olunur, beynəlxalq dəstəklə möhkəmlənir, vətəndaş cəmiyyəti, lobbi və dövlət arasında koordinasiyalı fəaliyyəti ehtiva edir.
İran daxilində son günlərdə baş verən dron hücumları, partlayışlar və sabotaj əməliyyatları göstərir ki, İsrail bu sistemin necə dəqiq və sürətli işlədiyini real vaxtda nümayiş etdirməkdədir”.