“İsrailin İrana son kütləvi hücumu ilə bağlı vəziyyətin nədən ibarət olduğunu söyləmək hələ tezdir. Ən azı ona görə ki, proses davam edir. Və biz gördük ki, bir müddət sonra İran, belə deyək, özünə gələrək cavab tədbirlərinə əl atdı. Özü də əvvəlkilərdən fərqli olaraq İsrailə müqayisədə ciddi zərbələr endirdi. Odur ki, bu prosesin davam edəcəyini də istisna etmək mümkün deyil. İranın cavabının ardınca İsrail yenidən İranı bombalamağa davam etdi. Deməli, İran da hansısa qarşılıqlı tədbirlər görməlidir”.
Bu fikirləri Moderator.az əməkdaşının “İsrailin İrana qarşı son hərbi əməliyyatından sonra yaranmış durumu necə təhlil edərdiniz?” sualını cavablandırarkən söyləyib.
“Görünən odur ki, eskalasiya davam edir, onun hara qədər davam edəcəyini, harada bitəcəyini və ya hansı hədəflərədək çatacağını söyləmək çətindir. Çünki bunun üçün ümumiyyətlə, bu prosesin arxasında hansı hədəflərin durduğunu bilmək gərəkdir. Burada isə ehtimallar çox müxtəlifdir...
Ən sadə ehtimallardan biri budur ki, ABŞ-ın icasəzi və ola bilsin, həm də dəstəyi ilə baş tutan bu hücumun məqsədi İranı nüvə proqramına dair danışıqlara məcbur etməkdir. İran danışıqlardan qaçmır, əlbəttə. Elə danışıqların növbəti raundu sabah- bazar günü Omanda olmalı idi və onun baş tutub-tutmayacağını söyləmək mümkün deyil. Yəni məqsəd o idi ki, İranı zəiflədib növbəti mərhələdə masa arxasına bu vəziyyətdə əyləşdirmək... İran buna gedəcəkmi? Bu ciddi sualdır. Mən bunun cavabını bilmirəm. Məntiqlə İran bu danışıqlara getməməlidir.
İkinci versiya ondan ibarətdir ki, İsrail bu hücumla, yenə də ABŞ-ın dəstəyi ilə İranı nüvə proqramında müəyyən qədər geri atmaq məqsədi güdürdü. Məsələn, müəyyən infrastruktur məhv edildikdən sonra İranın bir ayda əldə edə biləcəyi nəticəyə indi 5 il tələb oluna bilər...
Üçüncü versiya daha qlobal bir prosesdən xəbər verir: Yaxın Şərqin yenidən dizayn olunması. Bu daha inandırıcı görünür. Və İranın da zəiflədilməsi, bundan sonrakı mərhələdə, çox güman ki, Türkiyəyə də qarşı müəyyən addımların atılması... Bilirsiz ki, İsrail rəsmiləri durmadan bunun anonsunu verirlər... Bunlar da göstərir ki, İrana hücum böyük bir geo-siyasi prosesin tərkib hissəsi və onun elementidir. Məqsəd Yaxın Şərqi yenidən dizayn etməkdir. Amma bunun hansı formada, hansı model üzrə ediləcəyini də söyləmək çətindir. Görünən budur”, -deyə davamında analitik bildirib.
“Sizcə, bundan sonra İranın İsrailə hansısa ciddi cavab verməsi və tərəflər arasında genişmiqyaslı savaşın başlanacağı ehtimalı mövcuddurmu?” sualına isə Ərəstun Oruclu cavab verib:
“Prosesin necə davam edəcəyi, öncə dediyim kimi, baş verənlərin səbəbindən asılı olacaq. Əgər birinci versiyada irəli sürülən səbəb kimi İranın masa arxasına əyləşdirilməsidirsə, deməli, bu mərhələ bununla bitmiş olacaq...
İkinci. Söhbət İranın, ümumiyyətlə, zəiflədilərək güc faktoru kimi sıradan çıxarılmasından, onun nüvə proqramının geriyə atılmasından gedirsə, hərbi əməliyyatlar bir müddət davam edəcək...
Üçüncü versiyada deyildiyi kimi, söhbət Yaxın Şərqin dizayn edilməsindən gedirsə, onda İsrail-İran qarşıdurması, şübhəsiz, böyük müharibəyə çevriləcəkdir. Və mənə də ən inandırıcı görünən, sözün düzü, sonuncu versiyadır. Bunun da nə qədər doğru olub-olmayacağını hadisələrin qarşıdakı bir-iki həftə ərzindəki gedişatı göstərəcək. İranın hər dəfə İsrailin raket-dron hücumlarına layiqli cavab vermək üçün gərəkli imkanı olacaqmı? Ümumiyyətlə, İran daha hansı vasitələrə əl atacaq. İsrail hansı həcmdə bu əməliyyatlara davam edəcək. Bax, bunlar hamısı bizə hələlik aydın olmayan məqamlardır. Hər bi halda hesab edirəm ki, III Dünya müharibəsi təhlükəsi durmadan artmaqdadır. Və İsrailin İrana hücumuyla başlanan son proseslər də III Dünya savaşının başlanmasına təkan verir...”