İranla İsrailin qarşılıqlı hava hücumları davam edir. İyunun 13-də İsrail hərbi obyektlərinə və hərbi infrastrukturuna zərbə endirmişdi. İran isə cavab olaraq İsrail ərazisini atəşə tutub.
Müşahidələr bu qarşılıqlı zərbələrin bir neçə gün davam edəcəyini göstərir. Hər iki tərəfdə dağıntılar var. Xüsusilə İranda daha çox obyekt dağıdılıb. Ölkənin ali hərbi rəhbərliyi, demək olar, tam heyətdə öldürülüb. Eləcə də, İranın yerüstü nüvə obyektinin məhv edildiyi bildirilir. Bu haqda Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin direktoru Rafael Qrossi məlumat verib.
Bu ana qədər məlum olan budur ki, ABŞ və Avropa İttifaqı İsraili, Rusiya və Çin isə İranı dəstəkləyib. ABŞ prezidenti Donald Tramp Reuters agentliyinə açıqlamasında İsrailin İrana hava zərbələri haqda əvvəlcədən xəbərdar olduğunu deyib. Avropa Komissiyasının sədri Ursula von der Lyayen isə İsrailə dəstəyini açıq ifadə edib. Ancaq Avropa İttufaqının aparıcı üzvlərindən olan Fransa özünü sığortalamaq üçün dərhal bəyanat verərək, İrana raket hücumlarında əlinin olmadığını bildirib. BMT-nin baş katibi isə həmişə olduğu kimi tərəfləri sülhə çağırıb. İran BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilmısini tələb edib. Ancaq hələ ki İsrail və İran arasında gərginlik azalmayıb.
İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edərək, ayağa qalxmağa və rejimi devirməyə çağırıb. Təl-Əviv əsas məqsədinin İranın nüvə proqramını dayandırmaq olduğunu bildirir. Cümə günü başlanan gərginlik fonunda İranın Ali Dini Lideri Seyid Əli Xaneneyi ABŞ-la nüvə danışıqlarını "mənasız" adlandırıb. Tehran "işğal olunmuş ərazilər" adlandırdığı İsrail dövlətindən qisas alacağını bəyan etmişdi. Artıq İran mediasında İsrail ərazisindəki dağıntıların görüntüləri yayılır. İsrail mediası isə bu zərbələr nəticəsində mülki əhalinin zərər çəkdiyi haqda videofaktlar açıqlayıb. Neytral mənbələrin qiymətləndirməsinə görə, İsrail və İran bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərini desələr də, nəticədə hər iki tərəfdə mülki şəxslərin də həlak olduğuna sair faktlar var.
Bu arada İran Yaxın Şərq ölkələrinə xəbərdarlıq edib; İsraili dəstəkləsələr, onları da hədəfə alacağını deyib. Ancaq eyni zamanda Hörmüz boğazını bağlamayıb. Gərginliyin regional müharibəyə çevrilməsini İran özü də istəmir. Buna səbəb ABŞ dəstəkli İsrail qarşısında İranın daha hazırlıqsız olması ilə yanaşı, Çinin münaqişəyə qarışmaqdan çəkinməsi, Rusiyanın isə özünün müharibə aparması səbəbindən İrana lazımi dəstəyi verə bilməməsidir. Çinin, eləcə də, Pakistanın və Türkiyənin münaqişəyə qarışmaması fonunda Hindistanın da İrana hər hansı dəstək verəcəyi gözlənilmir.
Azərbaycan da, həmişəki kimi, bu iki tərəf arasındakı münaqişədə neytraldır. Ancaq eyni zamanda problemlərin diplomatik yolla həllinə tərəfdardır. Çünki bu münaqişə bir sıra səbəblərdən Azərbaycanı narahat edir. Əsas səbəblərdən biri, təbii ki, İranın Azərbaycanla həmsərhəd ölkə olmasıdır. Onsuz da Azərbaycanın başqa bir qonşusu - Rusiya müharibə aparır, müharibə vəziyyətindədir. Bu, Azərbaycana da mənfi təsirini göstərir. Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin son bəyanatlarını və bu kontekstdə baş verənləri xatırlamaq kifayətdir. Moskva Rusiyanın Ukraynada nəzarətə götürdüyü bölgələri, o cümlədən, Krlmın Rusiya ərazisi kimi tanımağa çağırır. Əks halda Qarabağı "mübahisəli ərazi" sayacağına işarə edir. Azərbaycan isə beynəlxalq hüquq prinsiplərindən kənara çıxmır; Rusiyanın da, Ukraynanın da BMT tərəfindən tanınmış ərazi bütövlüyünə hörmət edir. Bu, əlbəttə, başqa bir yazının mövzusudur. Sadəcə, xatırlatmaq istədik ki, qonşu dövlətin müharibəyə cəlb olunması və ya müharibə aparması Azərbaycana sərfəli deyil. Azərbaycan bölgədə sülh, sabitlik və inkişaf istəyir və buna çalışır. Ancaq hər şey Azərbaycanın mövqeyindən və iradəsindən asılı deyil. O cümlədən, təbii ki, İran-İsrail qarşıdurması da. Azərbaycanı narahat edən başqa bir mühüm səbəb bu münaqişədən hər iki ölkənin dinc əhalisinin zərər çəkməsidir. İsrail dost ölkədir. İran isə həm də qonşudur və bu ölkədə on milyonlarla etnik Azərbaycanlılar - İran türkləri yaşayır. Rəsmi Bakı, bütövlükdə Azərbaycan etnik soydaşlarımızın, ümumiyyətlə, dinc əhalinin taleyindən narahat olur. Bu isə anlaşılandır. Eyni zamanda İran-İsrail münaqişəsi davamlı və miqyaslı müharibəyə çevrilərsə, İran-Azərbaycan sərhədində də bir zamanlar Suriya-Türkiyə sərhədindəki kimi humanitar gərginlik yarana bilər. Azərbaycanın öz quru sərhədlərini indiyədək bağlı saxlamasının məntiqi bir daha ortaya çıxır. Ancaq elə təhlükələr də var, sərhəd tanımır. Radiasiya kimi. İrandakı nüvə obyektinin zədələnməsi və orada sızma baş verməsi haqda xəbərlər Azərbaycan Respublikasında da radioaktiv çirklənmə ehtimalı yaradıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq xidmətləri ölkənin cənubunda, eləcə də, Naxçıvan Muxtar Respublikasında, başqa regionlarda radiasiya fonunda mümkün dəyişikliklərə nəzarət edirlər. Bu fonu ölçürlər.
Bu təhlükə təkcə Azərbaycanı deyil, bütövlükdə regionu təhdid edir. Ancaq Azərbaycanın təbii və haqlı narahatlığına bir də İran qaynaqlarında, eləcə də, erməni, rus məlumat kanallarında Azərbaycan əleyhinə dezinformasiya kampaniyasının başlamasıdır. Bu "mənbələr" iddia edirlər ki, guya İrandakı etnik Azərbaycanlılardan kəşfiyyat məqsədi ilə İrana qarşı istifadə edilir. Guya Azərbaycan İrandan "gözlənilən hücum" təhlükəsinə qarşı öz hərbi-hava qüvvələrini hazır vəziyyətə gətirib və sair.
Azərbaycan bu əsassız (məqsədli yayılmış) iddiaları qətiyyətlə təkzib edib. Prezidentin köməkçisi Hikmət Hacıyev bütün bunların dezinformasiya olduğu, həqiqətlə heç bir bağlılığı olmadığı haqda açıqlama verib. Bu münaqişə fonunda dezinformasiyanın necə təhlükəli olduğu bir daha ortaya çıxır. Xüsusilə, süni intellektin bir fenomen kimi öz tətbiq dairəsini genişləndirdiyi bir vaxtda. Azərbaycan prezidenti İlham Əliyev dezinformasiyanın necə böyük təhlükə və hər kəsə təhdid olduğunu bir çıxışında belə ifadə etmişdi: "Mənim adımdan müharibə də elan edə bilərlər".
Bu, onu göstərir ki, Azərbaycan əleyhinə dezinformasiya yayanlar özləri də bu təhlükədən sığortalanmayıblar. Bu gün İran-İsrail qarşıdurmasına bu və ya başqa dərəcədə Azərbaycanı da "daxil etmək" istəyən kənar qüvvələr əməllərinin mənasızlığını və bumeranq effektini anlamasalar, bundan özləri daha çox zərər görəcəklər.
Bahəddin Həzi, Bizimyol.info