"Milli Məclisin deputatının statusu haqqında” Qanunda qeyd edilib ki, deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər.
"Maddə 12-1. Deputatın təhlükəsizliyi
Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xidməti silah verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silahı saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır, zəruri hallarda onun təhlükəsizliyi təmin edilir".
Qanuna görə, deputatlar xidməti silah almaq üçün əvvəl Daxili İşlər Nazirliyinə (DİN) müraciət etməlidirlər. Burada müraciətinə müsbət cavab verilən deputat daha sonra xidməti silah - tapança ala bilər. Deputata silahla birgə 16 nömrələnmiş patron da verilir. Silah gəzdirmək istəyən millət vəkili öncə onunla davranma qaydalarını bilməlidir. Bunun üçün həmin deputat DİN-in müvafiq qurumuna dəvət olunuraq təlimatlandırılır. DİN silah almaq istəyən deputatın sağlıq durumunu da nəzərə almalıdır.
Onu da qeyd edək ki, qanunda deputatlara iclas zalına silahla daxil olmaq qadağan edilib. Milli Məclisin üzvü iclas zalına daxil olmazdan öncə silahını nəzarətçiyə təhvil verməlidir.
Yeri gəlmişkən, Milli Məclisin əvvəlki çağırışlarında bəzi deputatlar qanuni silah gəzdiriblər.
Maraqlıdır, bəs hazırda - VII çağırış Milli Məclisdə kimlər bu hüquqdan istifadə edir? Hazırda silah gəzdirən deputatlar varmı?
Modern.az saytı bu sualla bəzi deputatlara müraciət edib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, qanunun bu müddəası praktikada işlək deyil:
"Təbii ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulub, amma praktikada bu elə də çox işlək müddəa deyil. Bu müddəa çox zərurət və ehtiyac olanda həyata keçirilir. Görünür buna zərurət yoxdur. Bir çox hallarda müraciət olmayanda deputata silahın verilməsi gündəmə gəlmir. Bizim mühafizəmiz dövlət tərəfindən təmin edildiyinə görə buna ehtiyac qalmır. Kimsə belə bir tələblə çıxış etsə, məsələ ətrafında müvafiq qərarlar vermək mümkün ola bilər".
Fazil Mustafa deyib ki, 2023-cü ildə o, şəxsən terrora məruz qalsa belə, silah əldə etmək üçün müraciət etməyə ehtiyac duymayıb:
"Konkret olaraq bizim kimi terrora məruz qalmış insanlar hansısa formada müvafiq quruma müraciət edə bilərlər. Amma biz buna ehtiyac duymadıq. Məni dövlət qoruyursa, silahla bağlı müraciət etməyimə xüsusi ehtiyac qalmır".
Aqil Abbas parlamentarların silah gəzdirməsinin əleyhinə olduğunu deyib:
"Deputatın başqası ilə fərqi nədir ki, dövlət, Daxili İşlər Nazirliyi onu qoruyursa, özü də silah gəzdirsin?!".
Milli Məclisin xanım deputatı Məlahət İbrahimqızı da silah üçün müraciət etməyib.
Sahib Alıyev isə sorğumuza belə cavab verib:
"Hər bir Azərbaycan vətəndaşı kimi, bizim də təhlükəsizliyimizi Azərbaycan dövləti təmin edir. Ona görə də əlavə olaraq üstümdə silah gəzdirməyi düşünmürəm".
Əziz Ələkbərli indiyə kimi belə bir müraciət üçün ehtiyac olmadığını, bundan sonra da olmayacağını deyib:
"Bəli, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanunda belə bir maddə var. Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona xidməti silah verilə bilər. Lakin mən bu hüququmdan istifadə etməyə cəhd göstərməmişəm, yəni silahla bağlı müraciət etməmişəm. İndiyə kimi buna ehtiyac görməmişəm. Yəqin bundan sonra da ehtiyac görməyəcəm. Çünki Azərbaycan hər bir vətəndaşın təhlükəsizliyinin müvafiq qurumlar tərəfindən kifayət qədər qorunduğu bir ölkədir".
Parlamentdə ilk dəfə təmsil olunan deputat Azər Allahverənov da belə bir müraciətlə çıxış etməyib.
"Xeyr, mən belə bir müraciət etməmişəm. Bu gün belə bir ehtiyac yoxdur, çünki hər hansı potensial təhlükə görmürəm. Hüquqi nöqteyi-nəzərdən qanun bizə bu imkanı verir. İstənilən halda hər hansı təhlükə hiss etmiş olarıqsa, təbii ki, aidiyyəti orqanlara öz müraciətlərimizi edəcəyik. Haqqımızda hansı təhlükəsizlik tədbirləri görülməlidirsə, ediləcək. Şəxsi silah daşımaq üçün səbəb görmürəm".
Milli Məclisin digər yeni deputatı Göydəniz Qəhrəmanov sualımıza belə cavab verib:
"Xeyr, silah üçün müraciət etməmişəm. Azərbaycan dünyada ən təhlükəsiz ölkələrdən biridir".
Deputat Zaur Şükürovun sorğuya cavabı belə olub:
"Etiraf etməliyik, Azərbaycan hazırda dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Hətta torpaqlarımız Ermənistanın işğalı altında olduğu dönəmdə belə, ölkəmizin ev sahibliyi ilə baş tutan çoxsaylı beynəlxalq tədbirlərdə bir çox ölkələri və beynəlxalq təşkilatları təmsil edən nümayəndələrin iştirak etməsi bunu bir daha təsdiq edir. Xüsusilə də, Prezident İlham Əliyevin mükəmməl liderliyi, sərkərdəliyi, şəhidlərimiz, qazilərimiz, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad edildikdən sonra Vətənimiz dinamik şəkildə, hərtərəfli inkişaf yolunu davam etdirərək, regionda təhlükəsizlik adasına çevrilmişdir.
Bu baxımdan, xidməti silah daşımağa zərurət görmürəm.
Unutmamalıyıq ki, dövlətimizin, xalqımızın təhlükəsizliyinin, ölkədə asayişin qorunmasında təhlükəsizlik və hüquq-mühafizə orqanlarımızın xidmətləri əvəzsizdir və bu şərəfli fəaliyyətlərində onlara uğurlar arzulayıram".
Deputat Günay Ağamalı:
"Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və uzaqgörən təhlükəsizlik siyasəti nəticəsində ölkəmiz bu gün regionun və dünyanın ən sabit və təhlükəsiz məkanlarından birinə çevrilib.
Əldə olunan sabitlik hüquq-mühafizə orqanlarının səmərəli fəaliyyəti ilə birbaşa bağlıdır. Ölkə daxilində ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlər vətəndaşlarımızın təhlükəsizliyinə əsaslı təminat yaradır.
Bu baxımdan ölkəmizdə təhlükəsizlik və sabitlik yüksək səviyyədə qorunduğundan xidməti silahın verilməsi ilə bağlı müraciətə ehtiyac duymuram".