2025-ci ilin iyun ayından etibarən Almaniyanın Azərbaycandakı səfirliyi əvvəlki xarici xidmət provayderi Visametric ilə əməkdaşlığa son qoyur və yeni müqavilə tərəfdaşı TLScontact-a keçir. Bizimyol.info xəbər portalının məlumatına görə, bununla bağlı Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda qeyd olunur. "Keçid dövründə görüşlərin sayı azalacaq və gözləmə müddətləri daha uzun olacaq. Bundan dərin təəssüflənirik və anlayışınızı xahiş edirik. 2025-ci ilin iyun ayına qədər və o cümlədən Visametric ilə artıq sifariş edilmiş bütün viza görüşləri üçün viza müraciətləri hələ də Visametric-ə təqdim edilə bilər. Yeni görüşlər indi yalnız yeni xarici xidmət provayderi TLScontact ilə onlayn edilə bilər. Onlayn olaraq göstərilənlərdən başqa heç bir görüş yoxdur. Hazırda heç bir görüş göstərilmirsə, onlar tam rezervasiya olunub və əlavə görüşlər mövcudluqdan asılı olaraq həftəlik vebsaytda dərc olunacaq. Təcili tibbi, humanitar və ya təcili səyahət tələb edən digər fövqəladə hallarda, TLScontact ilə birbaşa əlaqə saxlayın"-deyə məlumatda qeyd olunur.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bunlar tamamilə fərqli şirkətlərdir: “Onlar hansı sahədə ixtisaslaşırlar? Səfirliklər və konsulluq xidmətlərinin adından vizaların verilməsi üçün sənədləri qəbul edən, onu sistemləşdirən və aidiyyəti üzrə təqdim edən tərəf qismində çıxış edirlər. Bunlar təbii ki, tamamilə fərqli fərqli şirkətlərdir. Misal üçün, Visametric şirkəti daha çox Almaniya və Rusiya ilə əməkdaşlıq edir. TLScontact şirkəti daha çox Fransa, Böyük Britaniya, Çin və digər ölkələrlə yaxından əməkdaşlıq edir. TLScontact şirkəti Rusiyada fəaliyyət göstərir. Həmçinin o da Fransa üçün vizanın alınması üçün sənədləri qəbul edən tərəf qismində çıxır. Hər iki şirkətin müxtəlif ölkələrdə ofisləri var Hər iki şirkət əslində oxşar bir xidmət göstərir. Misal üçün qəbula yazılma, sənədlərin yoxlanılması,biometrik göstəricilərin əldə olunması, hətta bəzi hallarda pasportların çatdırılması və s. Vaxt və digər məsələlər baxımından əlavə xidmətlər ola bilər ki, bu da dəyişə bilər. Misal üçün, növbələr və kuryer xidmətləri ilə bağlı hər iki şirkətin interfeys saytları və yazılma fərqləri də özünü büruzə verməkdədir. Görünən odur ki, burada bəzi hallarda müştərilər, sənəd almaq istəyən, viza almaq istəyən şəxslər, bəzi hallarda operativlik, nəzakətlilik barədə gileylənirlər. Növbələr və qeydlərin aparılması sistemlərində müəyyən problemlər olması səbəbindən narahatlıqlar olur. Amma bu rəylər dövlətə, ofisə görə dəyişə bilər”.
“Visametric daha çox Almaniya ilə və bir qədər də köhnə interfeys sistemlərinə malikdir. Amma TLScontact-ın əhatə dairəsi də, coğrafiyası da böyükdür. Şirkətin interfeysi də istifadə üçün çox uğurlu və nisbətən müasir sayılır. Niyə Almaniya səfirliyi TLScontact şirkətinə indi üstünlük verir? TLScontact şirkətinin kifayət qədər böyük coğrafiyaya malik olması, eyni zamanda bu vizaların verilməsi üçün sənədləşmə işlərinin daha müasir olması, metodologiya əsasında aparılması diqqəti çəkir. Bu baxımdan Almaniya hökuməti daha müasir texnologiyalardan istifadə edən TLScontact şirkətinə müraciət edir. Bu qərar başa düşüləndir. Çünki müəyyən müqayisələr apardıqda biz yenə də TLScontact şirkətinin daha müasir üsullardan istifadə etdiyini və dövrün tələblərinə cavab verə biləcək müasir interfeysə sahibi olduğunu görürük. Faktiki olaraq verilən şərhlərdən belə qənaətə gəlmək olur.
Sənədlərin, qeydlərin aparılması, dövriyyəsi və daha keyfiyyətli xidmət göstərilməsi müsbət cəhət kimi dəyərləndirilir. Görünən budur ki, bu iki şirkət arasında bir rəqabət var və TLScontact şirkəti yavaş-yavaş viza sahəsində Visametric şirkətini bir balaca sıxışdıra bilir. Ən azından indi görürük ki, bu proses Azərbaycanda baş verir. Rusiyanın özündə Visametric daha geniş şəbəkəyə malik olsa da, İspaniya, İtaliya və digər ölkələrə viza versələr də Fransa məsələsində yenə də TLScontact şirkətindən geri qalır. TLScontact üzərindən Fransaya vizalar verilir.
Azərbaycan müstəvisində TLScontact şirkətinin artıq Visametric şirkətini yavaş-yavaş kənarlaşdırdığını və ya sıxışdırdığını görürük. Ümid edək ki, bu, Almaniya vizalarının alınmasında ciddi bürokratik əngəllərin meydana çıxmasına səbəb olmayacaq. Çünki bəzi hallarda biz görürük ki, digər ölkələrlə bağlı elə Fransa ilə İtaliya ilə bağlı müəyyən prosedurlarda, müəyyən bürokratik, maneələr də görürük və bəzi hallarda insanlar çox çətin bir viza mərhələsini yaşadıqlarını qeyd edirlər. Hər halda ümid edək ki, bu proses belə olmayacaq və bizim vətəndaşlar çox rahat şəkildə Almaniya vizaları ilə təmin olunacaqlar”-deyə deputat əlavə edib.