“Səhiyyəmizdə xeyli inkişaf var, xüsusilə, icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı uğurlarımız var. İcbari tibbi sığortadan məmnunluq get-gedə artır. Amma bu o demək deyil ki, səhiyyənin bütün problemləri həll olub. Kifayət qədər problemlərimiz var. Səhiyyənin maddi-texniki bazasınn möhkəmləndirilməsi, kadr potensialı, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı hələ də xeyli problemlər var”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O, bildirib ki, səhiyyədəki problemlərin aradan qaldırılması ilə bağlı işlər görülür:
“Səhiyyə komitəsi olaraq bu problemlərlə daim maraqlanırıq. Səhiyyənin gələcəkdə səviyyəsinin, əhaliyə göstərilən tibbi xidmətin yüksəldilməsi sahəsində qanunların və qanunverici aktların hazırlanmasına çalışırıq. Bölgələrdə həkim çatışmazlığı problemini dəfələrlə parlamentdə qaldırmışıq. Ümumiyyətlə, Azərbaycanda həkim çatışmazlığı yoxdur. Əgər 100 milyon əhaliyə düşən həkim sayına baxsaq, dünyada Azərbaycan ən qabaqcıl yerlərdədir.
Həkimlərin düzgün yerləşdirilməməsi problemi var, həkimlər, əsasən, Bakıya, böyük şəhərlərə yığılıb. Ona görə də bölgələrdə onların sayı azdır. Bu istiqamətdə də işlər görülür, bunun üçün gərək bölgələrə gəlmiş həkimlərimiz bizi maraqlandıra, onları yüksək həyat şəraiti və yüksək maaşla təmin edək ki, bölgələrdə işləməyə maraqlı olsunlar”.
Komitə sədri vaxtilə 70 min əhaliyə xidmət edən, hazırda tikintisi dayandırılan Xudat xəstəxanasını ilə bağlı məsələyə də münasibət bildirib:
“Əgər Xudat xəstəxanasına ehtiyac varsa, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB də məsələyə baxıbsa, mən onlarla söhbət edib, Milli Məclisin həm Səhiyyə Komitəsinin iclasında, həm də plenar iclasında bu məsələni qaldıraram. Siz və ya həkimlər yazılı qaydada mənə müraciət eləsinlər, çalışarıq ki, məsələnin həllinə kömək edək”.