Bakı Dairəvi Yolun kənarında – “Qanlı göl” adlanan ərazinin yaxınlığında yaşayan sakinlər “Kristal Abşeron” tikinti şirkətindən narazıdır.
Bizimyol.info xəbər verir ki, sakinlər “Kristal Abşeron” şirkətinin onlara qarşı ədalətsiz davrandığını deyir.
Şirkət illərdir ki, sözügedən ərazidə binaların tikintisi ilə məşğuldur. Orada mərhələli şəkildə üç layihə (Park Yasamal) həyata keçirilib. Hazırda dördüncü layihənin icrası gedir. “Kristal Abşeron” həyət evlərini söküb, yerində hündürmərtəbəli binalar inşa edir. Elə bununla əlaqədar sakinlərlə şirkət arasında narazılıq yaranıb.
Şikayətçilər deyir ki, şirkət 40 dərəcədən yuxarı isti yay günlərində 7 ailəni blokada şəraitində, toz-torpağın içində yaşamaq məcburiyyətində qoyub: “İnanın, gecəmiz-gündüzümüz yoxdur. Ağır texnikanın səs-küyündən, toz-torpaqdan necə yaşadığımızı bilmirik. Məqsəd aydındır, bezib, razılaşaq. Əsəblərin tarıma çəkilməsidir”.
Sakinlər bildirir ki, onları narazı salan əsas məsələ isə evlərin ölçündəki fikir ayrılığıdır. Onların sözlərinə görə, şirkət onlara evlərinin yerində tikiləcək binada mənzil təklif edir. Lakin öz evlərinin sahəsindən xeyli kiçik ölçüdə: “Həyətimizin sahəsini qətiyyən nəzərə almırlar. Halbuki, bizim, qonşuların həyətində sanitar qovşaq, şkaflar və başqa nə qədər avadanlıqlar var. Hansı məntiqlə saymırlar həyəti, anlamaq olmur. Üstəlik, evlərin də sahəsi düzgün hesablanmır. Narazılıq ölçü məsələsilə bağlıdır. Sahələr ya tam nəzərə alınmır, ya da məhkəmə hədəsi ilə ailələr aşağı kompensasiyaya məcbur edilir”.
Şikayətçilər əlavə edib ki, “Kristal Abşeron”un nümayəndələri onlara heç kimdən qorxmadıqlarının mesajını veriblər. Deyiblər ki, şikayətlərinin nəticəsi olmayacaq: “Bu, açıq-aşkar korrupsiya niyyəti və mülkiyyət hüququnun pozulmasıdır”.
"DİA-AZ" xatırladır ki, “Kristal Abşeron” şirkəti bir müddət əvvəl adını "Kristal" olaraq təqdim etməyə başlayıb. Hər halda bu "yenilik" belə deputat Ağalar Vəliyevin sahibi olduğu bu şirkətin fəaliyyətinə müsbət təsir göstərməyib. Görünəni budur...