Ermənistanda Rusiyanın Gümrükdəki 102-ci bazasının çıxarılmasına qarşı "Respublika naminə" Partiyası etiraz aksiyası keçirib. Hakimiyyətə yaxın müxalif partiyanın paytaxt Yerevandan öz tərəfdarlarını toplayaraq Gümrüdə baza yaxınlığında bu etirazı təşkil etməsi, Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilir.
Bu sözləri “Şərq”ə açıqlamasında Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib. Ekspertin sözlərinə görə, Moskva Gümrükdəki 102-ci bazaya son günlər əlavə silahlar və canlı qüvvə yerləşdirib. Həmçinin FTX sərhəd qoşunlarının 200 nəfər şəxsi heyəti hərbi bazaya gətirilib:
“Rusiya FTX sərhəd xidmətinin əməkdaşlarının İranla sərhəddə Zəngəzur dəhlizi istiqamətində yerləşdirilməsi nəzərdə tutulur. Rusiya rəhbərliyi məhz 102-ci baza vasitəsilə Zəngəzur dəhlizinə təhdid edir.Ermənistan baş naziri seçkiöncəsi, Rusiyanın hərbi təhdidlərini neytrallaşdırmaq üçün məhz siyasi partiyalardan istifadə edir. Bununla, Rusiyaya ciddi mesaj verərək, seçkiöncəsi proseslərə müdaxilə edərsə, hərbi bazanın çıxarılması üçün geniş şəkildə etirazlar təşkil edilə və giriş-çıxış məhdudlaşdırıla bilər. Göründüyü kimi, N.Paşinyanın ölkəsi də Rusiyanın hərbi imkanlarından çəkinmir və preventiv addımlar atır.Ermənistan hakimiyyətinin bu təzyiqləri fonunda Rusiyanın 102-ci bazadan istifadə edərək, Zəngəzur dəhlizinə mane olmasının qarşısını ala bilər. Ermənistan baş naziri seçkilərdə qələbə əldə edərsə, Rusiya hərbi bazasının çıxarılmasını tələb edəcək. Azərbaycanla sülh mətnində Ermənistan öz ərazisindən üçüncü ölkəyə qarşı hərbi əməliyyatlara icazə verməyəcəyi öhdəliklərini götürüb. Türkiyə ilə də münasibətlər normallaşır. Ona görə də Rusiyanın Ermənistanda hərbi mövcudluğu növbəti mərhələdə sual altındadır. ABŞ, Avropa Birliyi və Türkiyə Rusiya bazasının çıxarılmasını Paşinyandan tələb edir”.