ABŞ-ın Missuri ştatının Səhiyyə və Yüksək Xidmətlər Departamenti yetkin bir insanın nadir ölümcül beyin infeksiyasına səbəb ola bilən “Naegleria fowleri” infeksiyasına yoluxduğunu açıqlayıb. Xəstəlik həm də “beyin yeyən infeksiya” adlanır. Yoluxan şəxs bir neçə gün öncə göldə su xizəyi sürüb.
Hazırda Azərbaycanda da dəniz sezonudur. Lakin göllər, çaylar və dənizlərin təmizliyi ilə bağlı müəyyən narahatlıqlar var.
Azərbaycandakı göl, çay və dənizlər insanların istifadəsi üçün nə dərəcədə əlverişli və təmizdir? Ümumiyyətlə, hər hansı infeksiya riski varmı?
Globalinfo.az-a danışan ekoloq, biologiya üzrə fəlsəfə doktoru Fikrət Cəfərov deyib ki, bütün çimərliklərdə təmizlik vəziyyətinə nəzarətlə bağlı işlər görülür, nümunələr götürülür və analizlər edilir:
“Nəticədə dəniz bu gün o qədər çirkli deyil və insanların sağlamlığı üçün ciddi təhlükə yaratmır. Mən də fərqli yerlərdə – Şıxov ictimai çimərliyində, Dübəndi və Zirə sahillərində – müşahidə aparmışam və vəziyyət normaldır.
Adətən şəhər yaxınlığında yerləşən çay sularının birbaşa içilməsi və ya çimmək üçün istifadəsi tövsiyə olunmur. Çünki bakterial, parazitar və viral infeksiyalar ola bilər. Kiçik dağ çayları ümumiyyətlə təmizdir, lakin aşağı ərazilərdə kənd və yaşayış məntəqələrinin tullantı suları qarışa bilər”.