“Məlumdur ki, mart ayında Azərbaycan və Ermənistan sülh müqaviləsinin bütün bəndlərini razılaşdırdı. Lakin Ermənistanın yerinə yetirməsini tələb etdiyimiz iki şərt var ki, bunların reallaşması sülh müqaviləsinin imzalanması üçün mütləqdir. Odur ki, yalnız Ermənistan Konstitusiyası dəyişildikdən sonra sülh müqaviləsi imzalanacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, ATƏT-in Minsk qrupunun buraxılması da sülh müqaviləsi ilə eyni gündə baş verəcək, lakin iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına qədər müsbət barışıq atmosferinin yaradılması və etimad quruculuğu tədbirlərinin görülməsi hər iki tərəfdə vacib hesab olunur.
Politoloqun fikrincə, xüsusilə Ermənistanda 2026-cı ildə baş tutacaq seçkilərdə Paşinyanın qələbəsi üçün bu, vacibdir: "Odur ki, təbii olaraq, Qərbin, daha dəqiq ABŞ-ın himayəsi altında sülh treki artmaqdadır. Ehtimal edə bilərik ki, Vaşinqtonda tərəflər anlaşma memorandumu, yaxud ondan müəyyən qədər artıq hüquqi qüvvəsi olan sülh üçün çərçivə sazişi imzalayacaqlar".
Şəhla Cəlilzadə qeyd edib ki, adətən anlaşma memorandumlarının hüquqi bağlayıcı qüvvəsi olmasa da, bu sənədlər sülh müqaviləsi imzalamaq niyyəti ifadə edən ilkin razılaşmalardır: "Çərçivə sazişi isə müəyyən hüquqi qüvvəsi olan, sülh üçün prinsipləri, sərhədlər, təhlükəsizlik və s. detalları özündə ehtiva edən sənəddir. Beləliklə, Trampın liderliyində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə gedən yolda vacib addım atılacağı gözlənilir və buna görə də son dövrlər Rusiya və İrandan təzyiq və hədələr artmaqdadır. Bu təzyiq və hədələri neytrallaşdırmaq, sülh prosesini qorumaq, o cümlədən digər regional konfliktlərə dair ABŞ və Rusiya arasında anlaşmaq üçün hazırda Trampın xüsusi nümayəndəsi Uitkoff Moskvadadır".
Politoloq ehtimal edir ki, bu danışıqlar Zəngəzur dəhlizinə dair məsələni də əhatə edəcək və beləliklə, Vətən müharibəsində əldə etdiyimiz qələbə, suverenliyimizin tam bərpası 2020-2023-cü illəri əhatə etdiyi kimi, Zəngəzur dəhlizinin açılması ilə taclandırılacaq sülh müqaviləsi istiqamətdə uzun müddətdir davam edən danışıqların artıq yekun mərhələyə qədəm qoyduğunu deyə bilərik.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə iştirak edəcək. Görüş 7-8 avqust tarixlərində Vaşinqtonda baş tutacaq.