Dövlət Məşğulluq Agentliyi tender müsabiqəsi keçirmədən “Azpetrol LTD” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, Dövlət Məşğulluq Agentliyi “Azpetrol”dan minik avtomobilləri üçün 136 min 848 manatlıq “Aİ-95” markalı benzin alacaq.
Onu da bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisna olmaqla, bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qanunun tələblərindən də göründüyü kimi, benzinin satın alınması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Məşğulluq Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.