Ukrayna Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktor müavini Sergey Danilov Bakı və Kiyev arasında əməkdaşlığın getdikcə gücləndiyini bildirib. O, Prezident İlham Əliyevlə Ukrayna lideri arasında vasitəçisiz, birbaşa əlaqənin olduğunu vurğulayıb. Danilovun fikrincə, bu, regionda rolların dəyişdiyini, Rusiyanın zəiflədiyini, Azərbaycanın isə gücləndiyini göstərir.
Bakı ilə Moskva arasında münasibətlərin gərginləşməsi fonunda Kiyevdən səsləndirilən bu kimi bəyanatlar xüsusi diqqət çəkir. Hətta Kreml Ukraynanı Rusiya və Azərbaycanın arasına girməkdə günahlandırmışdı.
Moskvanın Kiyevdən səsləndirilən bu kimi bəyanatlara reaksiyası necə olacaq? Ukrayna bununla nəyə nail olmağa çalışır?
Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ukraynada müharibənin başlamasından bu yana Azərbaycanın mövqeyi dəyişməyib:
“Rəsmi Bakı hər zaman Ukraynanın ərazi bütövlüyünün pozulmasını pisləyib. Rusiya ilə də münasibətlərimiz normal çərçivədə olub. Strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd bunun bariz nümunəsidir. Azərbaycan hər zaman beynəlxalq hüquq çərçivəsində davranaraq problemlərin danışıqlar yolu ilə həll olunmasını dəstəkləyib. Ukraynaya göstərilən humanitar yardımlar da bu mövqeyin bir parçasıdır”.
Xəyal Bəşirov bildirib ki, bəzi qüvvələr bu humanitar dəstəyi fərqli şəkildə şərh edərək Azərbaycan-Rusiya münasibətlərini daha da gərginləşdirməyə çalışırlar:
“Guya Azərbaycan Ukraynaya silah yardımı edir. Bu, tamamilə əsassız və cəfəng iddiadır. Rusiya daxilində, o cümlədən bəzi vəzifəli şəxslər səviyyəsində də bənzər fikirlər səsləndirilir. Ukraynanın mövqeyi isə bəllidir, Rusiyaya qarşı müharibədə ölkələrinə beynəlxalq dəstəyin artmasına çalışırlar. Hazırda ciddi dəstəyə ehtiyac duyduqları üçün müxtəlif psixoloji vasitələrə əl atırlar”.
Politoloq qeyd edib ki, Bakı ilə bağlı yayılan bəzi iddialar reallığı əks etdirmir:
“AZAL-a məxsus təyyarənin vurulması və Azərbaycanın bu məsələ ilə bağlı haqlı tələblərinin hələ də cavabsız qalması, eləcə də Rusiyada yaşayan həmvətənlərimizin üzləşdiyi xoşagəlməz hallar iki ölkə arasında müəyyən gərginliyə səbəb olub. Lakin bu, Moskva ilə əlaqələrimizin tamamilə kəsildiyi mənasına gəlmir. Proseslər bir tərəfdən şişirdilir ki, əsas diqqət Ukraynaya yönəlsin”.