ABŞ prezidenti Donald Tramp və komandası seçki strategiyası çərçivəsində 2020-ci ildə onun administrasiyası ilə başladılan "İbrahim sazişləri" diplomatik sazişlərinin genişləndirilməsi üzərində işləyir.
Musavat.com xəbər verir ki, məlumatı Reuters danışıqlardan xəbərdar olan mənbələrə istinadən yayıb.
Agentliyin məlumatına görə, Azərbaycan və bir sıra Mərkəzi Asiya ölkələri sazişlərin potensial yeni iştirakçıları kimi nəzərdən keçirilir. Bu ölkələrin İsraillə artıq rəsmi əlaqələri olsa da, Tramp iqtisadiyyat, təhlükəsizlik və infrastruktur sahələrində daha sıx əməkdaşlığı təmin edərək, təşəbbüs çərçivəsində onlara formal struktur vermək niyyətindədir.
Reuters iddia edir ki, Azərbaycanın sazişdə iştirakının əsas şərtlərindən biri Ermənistanla sülhün əldə olunmasıdır. Trampın komandasındakı mənbələr vurğulayıblar ki, prezident Bakı ilə İrəvan arasında mümkün razılaşmanı postsovet məkanında diplomatik arxitekturanın genişləndirilməsində “vacib addım” hesab edir.
Danışıqlara Trampın uzunmüddətli müttəfiqi, onun kampaniyasının xarici siyasət məqsədlərinin həyata keçirilməsində mühüm rol oynamış Stiv Vitkoff rəhbərlik edir. May ayında o, Bakıda olub, prezident İlham Əliyevlə görüşüb.
Həmçinin qeyd edilir ki, Vitkoffa danışıqlarda əvvəllər regional məsələlər üzrə xüsusi elçi postunu tutan Ari Laytstoun kömək edir. Reuters qeyd edir ki, digər Mərkəzi Asiya ölkələrinin (o cümlədən Özbəkistan və Qazaxıstanın) sazişlərə daxil edilməsi məsələsi ilkin müzakirələr mərhələsindədir.
Tramp administrasiyasından məlumatlar bağlı agentliyə şərh verməkdən imtina edilib, Azərbaycan nümayəndələri danışıqlar faktını təsdiqləməsələr də, təkzib etməyiblər.