Mənbə: Azadlıq Radiosu
Azərbaycan Ermənistanın avrointeqrasiya yolu ilə barışıbmı? Və ya bu günlərdə baş tutan Ermənistan-Avropa İttifaqı sammiti rəsmi Bakını daha niyə qıcıqlandırmır?
İyulun 14-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında keçirilən üçtərəfli görüşdə əsas mövzu Ermənistan və Avropa İttifaqı (Aİ) arasında siyasi və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi olub. Aİ liderləri Ermənistanın dayanıqlı inkişafının dəstəklənməsinə sadiq qalacaqlarını bir daha vurğulayıblar və 2024-cü ilin aprelində elan edilmiş dayanıqlıq və inkişaf planı üçün Avropa İttifaqının Ermənistana 270 milyon avro həcmində ayırdığı maliyyə 50% artırılıb. Üstəlik, bildirilib ki, Ermənistana investisiyaların ümumi həcmi 2,5 milyard avroya çata bilər.
Rəsmi Bakının sükutla qarşıladığı bu analoji görüş ötən ilin aprelin 5-də keçiriləndə Azərbaycan hakimiyyəti buna ciddi etiraz etmişdi. Hətta 5 aprel görüşü ətrafında o qədər hay-küy yaranmışdı ki, həm Avropa İttifaqının liderləri, həm də görüşdə iştirak edən ABŞ Dövlət Departamenti rəhbəri Azərbaycan prezidentinə telefon açaraq bu görüşün Azərbaycana qarşı olmadığını və iqtisadi məsələlərə həsr ediləcəyini bildirmişdilər.
O zaman Bakı ilə bərabər Moskva da Brüssel görüşünə sərt reaksiya vermişdi. Həm Azərbaycan, həm də Rusiya Xarici İşlər Nazirliklərinin təxminən eyni məzmunda yaydıqları bəyanatlarda diqqəti çəkən məqam eyni ifadələrin təkrarlanması idi. Həm rəsmi Bakı, həm də rəsmi Moskva hesab edirdilər ki, bu cür görüşlər regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.
Həm Azərbaycanda, həm də Ermənistandakı bəzi təhlilçilər aktiv avrointeqrasiya siyasəti yürüdən Ermənistana qarşı Azərbaycan və Rusiya tandemini Kremlin regiondakı maraqlarına cavab verməyən Paşinyan hakimiyyətini devirmək üçün birləşməsi kimi dəyərləndirirdilər. Ekspertlərin fikrincə, həm 44 günlük müharibədə, həm də etnik ermənilərin Qarabağdan köçməsi prosesində Kremlin onları tək qoymasının səbəbi Paşinyana qarşı xalq etirazını alovlandırmaq idi.
Bir il əvvəl Bakının qəzəblə qarşıladığı görüşə indi reaksiya verilməməsinin səbəbi nədir?
AzadlıqRadiosu su sualla Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu göndərsək də, cavab ala bilməyib.
Moskvadan xəbərdarlıq
Ötən il Qərbə qarşı Rusiya ilə Azərbaycan eyni mövqedən çıxış etdiyi halda, bir il sonra Kreml Azərbaycanın özünü də avrointeqrasiya kursu götürən Ermənistanla bir cərgəyə qoyaraq təxminən eyni məzmunlu xəbərdarlığı edir. İyunun 11-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib:
“NATO Cənubi Qafqazın təhlükəsizliyi üçün yaxşı heç nə gətirmir. Əksinə, bizim yaxşı bildiyimiz kimi, qərblilərin əsas məqsədi regionda sabitliyi pozmaq, onları bir-birinə qarşı qoymaq, yeni gərginlik nöqtələri yaratmaqdır. Ümid edirik ki, həm Bakı, həm də Yerevan bu məsələ ilə bağlı haqlı narahatlığımızı eyni dərəcədə başa düşür və təcavüzkar hərbi bloklarla qarşılıqlı əlaqələri dərinləşdirməyin risklərini tam şəkildə qiymətləndirirlər”.
Azərbaycan Xarici İşlər Nazirliyi bu xəbərdarlığı sükutla qarşılayıb.
Hətta xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığında bu məsələyə toxunub-toxunmadıqları açıqlanmır.
Azərbaycan dövlət qurumlarının rəsmi internet səhifələrindən göründüyü kimi bu ərəfədə NATO ilə münasibətlərdə fərqli davranış və ya intensiv yaxınlaşma müşahidə edilmir.
Bəs Moskva niyə Ermənistanla Azərbaycanı indi eyni sıraya qoyur? Dəyişən nədir?
Yerevan üçün “qurtuluş aktı”
Azadlıq Radiosunun rus xidməti yazır ki, regionun Rusiyadan ənənəvi iqtisadi asılılığının azalması müşahidə edilir və Yerevan Moskvadan uzaqlaşaraq Ankara ilə əlaqələri bərpa edir, eyni zamanda da dünyaya çıxış üçün alternativ komunikasiya axtarır, ABŞ və Avropa İttifaqı ilə əlaqələrini gücləndirir.
Azərbaycan-Ermənistan münasibətlərini sülh kontekstində təhlil edən müstəqil Xəzər Tədqiqat və Analiz Mərkəzi isə yazır ki, Azərbaycanın regional siyasətdə “post-Moskva konfiqurasiyası” dövrünə hazırlaşdığı görünür. Bakı Rusiyanın zəifləməsini dəstəkləsə də, Ermənistanın Qərb platformalarında daha güclü şəkildə mövqe tutması qarşısında ehtiyatlı davranır – yenə də qarşılıqlı qazanclı bir sülh üçün nadir tarixi imkan formalaşdırır:
“Azərbaycan üçün bu, Qərbin vasitəçiliyi ilə hüquqi statuslu razılaşmaya nail olmaq və Ermənistanı yeni hərbi balanslardan uzaq saxlamaq üçün mühüm fürsətdir. Ermənistan isə sülh müqaviləsini təkcə Azərbaycanla münasibətlərin normallaşması kimi deyil, həm də Rusiya təsirindən hüquqi və siyasi şəkildə çıxışın əsaslandırılması kimi qəbul edir. Yəni bu sülh Yerevan üçün bir növ “qurtuluş aktı” dır – təkcə münaqişəyə son qoymaq deyil, həm də yeni bir geosiyasi orientasiyanın təməlini qoymaqdır”.
“Miflər dağıldı”
Hakimiyyətə yaxın mövqeyi ilə tanınan siyasi şərhçi, Cənubi Qafqaz Tədqiqat Mərkəzinin rəhbəri Fərhad Məmmədov rəsmi Bakı ilə Moskvanın Qərbə qarşı eyni bəyanatlarla çıxış etməsi fikri ilə razılaşmır və bildirir ki, Azərbaycan Avropa İttifaqı və ABŞ tərəfindən Azərbaycanın maraqlarına zidd olan bəyanatlara qarşı çıxış edirdi. Onun sözlərinə görə, bu ilin əvvəlindən ABŞ və Avropa İttifaqı mövqeyində dəyişiklik etdiyindən münasibətlər də yeni mərhələyə qədəm qoyub və tərəfdaşlıq müstəvisindədir. Rusiya-Azərbaycan münasibətlərinə gəlincə:
“Proseslər göstərdi ki, son bir neçə ildə Rusiya-Azərbaycan tandemi barədə danışılan və uydurulan miflər də dağıdıldı. Hamı gördü ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər bərabərhüquqludur. Əgər Azərbaycanın maraqlarına və haqlı mövqeyinə qarşı Rusiya hər hansı addım atarsa, ABŞ və Avropa İttifaqı ilə olduğu kimi həmin şəkildə də Azərbaycan Moskvaya - Rusiyaya qarşı addımlarını atır”.
Azərbaycan Çinin nəzarətinə keçir?
Siyasi analitik Nahid Cəfərov isə hesab edir ki, Rusiya-Azərbaycan-Ermənistan üçbucağındakı münasibətlərə Qərb və ya antiqərb kontekstində yox, Çinlə yaxınlaşma prizmasından baxmaq lazımdır. O, Rusiya ilə yaranan gərginliyi Qərblə deyil, Çinlə münasibətlərin istiləşməsi ilə əlaqələndirir. Çünki Qərblə münasibətlərdə fundamental məsələlərdə - insan haqları məsələsində ciddi fikir ayrılığı var. Analitikin fikrincə, Ukrayna müharibəsində çətin duruma düşən Rusiya indi həm iqtisadi sahədə, həm də xarici siyasətində Çindən asılı vəziyyətə düşüb. Və bu baxımdan indiyə qədər postsovet məkanında Rusiyanın nəzarətində olan respublikalar, o cümlədən də, Azərbaycan Çinin nəzarətinə keçməkdədir və Rusiyanın əlindən bütün rıçaqları çıxmaqdadır.
“Paşinyan demokratik yolla hakimiyyətə gələndən sonra o, sanki demokratiyanı Cənubi Qafqaza yenidən gətirməyə başladı və bunu bacardı. Putin onu cəzalandırmaq üçün Qarabağ konfliktini yenidən alovlandı. Ermənilən Xankəndindən qovuldular hamısı. Plan ondan ibarət idi ki, Paşinyanı devirsinlər. Bunların heç biri alınmayanda, artıq Azərbaycana qarşı təzyiqlər artdı ki, Ermənistanın ərazisinə hücum etsin. Azərbaycan buna getmədi. Niyə getmədi Azərbaycan? Çünki Azərbaycana qarşı Qərbdən çox dəhşətli siqnallar gəldi çox sərt siqnallar gəldi”, – N.Cəfərov vurğulayır.
Azərbaycan hakimiyyəti özünün nəzarətində olan media vasitəsilə Azərbaycanın xarici siyasətində yeni kursla və prioritetlərlə bağlı analitik materiallar yayımlayır və bildirilir ki, “geosiyasi dəyişikliklər fonunda Azərbaycan Şərqə və Asiyaya doğru xarici siyasət kursunu yalnız alternativ istiqamət kimi deyil, strateji prioritet olaraq formalaşdırmağa başlayıb”.
İndi görünən odur ki, Ermənistan demokratiya və insan haqlarının qorunduğu Avropa İttifaqına doğru irəliləyir, Avropa İttifaqı isə Rusiyanın və Azərbaycanın narazılığına baxmayaraq, Cənubi Qafqazda nüfüzunu artırmaqda israrlı görünür. Ötən il Avropa İttifaqının Xarici Məsələlər üzrə keçmiş Ali Nümayəndəsi Jozep Borrel demişdi ki, Ermənistanla əməkdaşlıqda yeni ambisiyalı plana start verililir. Bu plana Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması, ticarət, təhlükəsizlik və müdafiə məsələləsi daxildir.