Adətən Qurban bayramında ardıcıl qeyri-iş günləri səbəbilə istirahətini bölgələrdə keçirmək istəyənlərin sayı artır. Bu isə ənənəvi olaraq qiymətlərə təsirsiz ötüşmür. Otellərdə, kirayə evlərdə və restoranlarda bahalaşma müşahidə olunur. Artıq bəzi vətəndaşlar bu vəziyyətin hər bayramda təkrarlanmasından narazılıq edirlər.
Bayramda bölgələrdə qiymətlərin süni şəkildə artırılması hansı səbəblərlə bağlıdır? Bu vəziyyət yenə müşahidə ediləcəkmi?
Globalinfo.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, həftəsonları, bayram günləri və tətil ərəfələrində bölgələrdə yerləşən otellərə, restoranlara tələbat əhəmiyyətli dərəcədə artır:
“Təklif olunan qiymətlər süni şəkildə artırılmır, çünki qiymət formalaşması tələbat əsasında baş verir. Ardıcıl qeyri-iş günləri olan kimi insanlar istirahət üçün regionlara və ya ölkə xaricinə üz tutur. Belə hallarda birdən-birə artan tələbat, təbii olaraq, qiymətlərə təsir edir və onların yüksəlməsinə səbəb olur”.
Ekspert bildirib ki, Qurban bayramı ərəfəsində də otellərdə, kirayə evlərdə və digər bu kimi istirahət məkanlarında qiymətlər adi günlərlə müqayisədə baha olacaq:
“Bu isə bazar iqtisadiyyatı şəraitində normal qəbul edilir. Bununla belə, son illərdə yeni otellərin istifadəyə verilməsi, eləcə də kənd evləri və kirayə mənzillərin sayının artması qiymətləri müəyyən qədər balanslaşdırır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin, iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.