Bakıda adam oğurluğu, quldurluq və digər cinayətlərdə ittiham olunan 1993-cü il təvəllüdlü Tural İslamov, 1998-ci il təvəllüdlü Nurlan Səfərov və 1996-cı il təvəllüdlü Rövşən İbrahimovun cinayət işinə baxılıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Tural 20 iyul 2021-ci ildə saat 7 radələrində tanışları Nurlan və Rövşənlə cinayət əlaqəsinə girib.
Qrup üzvləri avtomobillə Yasamal rayonuna gəliblər, təsadüfən işə getmək məqsədilə piyada hərəkətdə olan Natiqi görüb, onun qarşısını avtomobillə kəsiblər. Rövşən və Nurlan Natiqi zorla avtomobilin arxa oturacağına əyləşdiriblər. Abşeron rayonu Masazır qəsəbəsi istiqamətində hərəkət etməklə həmin yerdən uzaqlaşıblar.
Maşında Natiqə zor tətbiq etməklə üzərində olan narkotiki, qiymətli əşyaları və pulları tələb ediblər. Bu tələbdən qorxan Natiq üzərində olan 140 manat dəyərində “Samsung” markalı “SM A10” modelli mobil telefonu və içərisində 72 manat olan pul kisəsini Nurlana verib.
Nurlan bununla kifayətlənməyib, avtomobili idarə edə-edə sağ əlində tutduğu bıçağın dəstəyi ilə Natiqin ayaq və sinə nahiyələrindən vurub, təkrarən narkotik və ya narkotiki əldə etmək üçün əlavə pul istəyib. Tələbi yerinə yetirməyəcəyi təqdirdə ona zor tətbiq edəcəyini bildirib.
Dəstə üzvləri Natiqi “Türk MED medical center” klinikasının qarşısına gətiriblər. Tural bıçağı avtomobilin arxa oturacağında oturmuş Natiqə nümayiş etdirib, onlara narkotik və ya narkotik vasitəni əldə etmək üçün pul verməyəcəyi halda dilini kəsərək xəsarət yetirəcəyini söyləyib.
Natiq onlara narkotik vermək imkanında olmadığını deyib. Tural maşını Hökməli qəsəbəsi istiqamətində idarə edib, dəstə üzvləri magistralın Hökməli dairəsi adlanan yerinə gələnədək, yolboyu Natiqdən pul tələb edib, əks təqdirdə onun şəxsiyyətinə zor tətbiq edəcəyini bildiriblər.
Daha sonra onlar Natiqin pul verə bilməyəcəyi qənaətinə gəliblər, avtomobili üzü Sulutəpə qəsəbəsi istiqamətində, oradan isə "20 Yanvar" metrostansiyasına doğru sürüblər. Natiqi avtomobildən düşürüblər.
9 maddəli cinayət işi
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 144.2.3 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu), 144.2.5 (silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə adam oğurluğu), 144.2.6 (adam oğurluğu - tamah məqsədi ilə və ya sifarişlə törədildikdə), 181.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək), 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.2 (təkrar hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3 (hədə-qorxu yolu ilə tələb etmə - zor tətbiq etmə ilə törədildikdə) və 235.4.3-cü (narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını talama və ya hədə-qorxu ilə tələb etmə - həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nurlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, digər təqsirləndirilən şəxslər – Tural və Rövşəni tanıyır: “Turalı taksi sürücüsü kimi hadisədən təxminən 10 gün əvvəl tanımışam, Rövşənlə isə bir yerdə fərdi evlərdə təmir işlərində alçıpan vurmaqla məşğul olmuşuq.
Zərərçəkmiş Natiqi hadisəyə qədər tanımamışıq. O, Turalın tanışı olub. Turalın deməsinə görə, Natiqin ona pul borcu vardı”.
“Bıçaq çıxarmasını xatırlamıram”
Nurlan qeyd edib ki, hadisə günü, yəni iyulun 20-də səhər saatlarında Rövşənlə birlikdə işə getmək üçün Turalın idarə etdiyi taksi maşınına miniblər:
“Rövşən Turalın yanında qabaq sağ, mən isə arxa oturacaqda əyləşmişdim. Tural bizə bildirdi ki, bir nəfərlə görüşəndən sonra bizi işə aparacaq. Mən heç vaxt narkotik istifadəçisi olmamışam. Turalın narkotik aludəçisi olmağını da bilmirəm.
Natiqin bizim ondan narkotik və yaxud narkotik vasitə almaq üçün pul istəməyimiz barədə ifadəsi həqiqətə uyğun deyil. Turalın idarə etdiyi maşınla gedəndə yolun kənarında 2 nəfərin dayandığını gördük. Tural maşını saxlayaraq onlardan kimisə soruşdu. Sonra maşına minərək yola davam etdik. Bu zaman səki ilə gedən Natiqi gördük.
Tural görən kimi onu səslədi. Natiq isə Turalı görəndə qaçmağa başladı. Tural maşını onun ardınca sürdü, ona çatdı və maşından enərək Natiqlə söhbət etdi. Mən və Rövşən maşında qaldıq.
Turalın sonradan bildiyim qədər Natiqlə söhbəti borc pulla bağlı olub. Sonra o, Natiqi maşında arxa oturacağa əyləşdirdi. Yolda Turalın tələbi ilə Natiq pul kisəsini və telefonunu qabaq oturacaqların arasına qoydu.
Mən Natiqi vurmamışam, ondan pul və telefon almamışam. Natiqin dizindən bıçağın arxası ilə pul kisəsini və telefonunu verməmişdən əvvəl Tural vurub. Mən isə bir dəfə də Natiqin üzünə şillə vurmuşam. Rövşənin bıçaq çıxarmasını xatırlamıram”.
“Dəniz kənarına istirahətə getdik”
Nurlanın ifadəsinə görə, yolda Natiqin telefonuna zəng gəlib, Turalın tapşırığına əsasən Natiq zəngə cavab verib:
“Məlum oldu ki, Natiqi işdən soruşurlar, o, işə getməlidir. Qərara aldıq ki, onu Xırdalana iş yerinin yanına aparaq. Yol üstü yəlil arabasında oturan və keçən maşınlara əl qaldıran əlilə kömək edərək onu maşının qabaq sərnişin oturacağına əyləşdirdik. Rövşən isə arxa oturacağa keçdi.
Əlili düşürdükdən sonra Natiq onu "20 Yanvar" metrostansiyasının yanına aparmağımızı xahiş etdi. Deyilən yerə çatdırdıqda Natiq Turaldan yol pulu istədi. Tural da ona 6 manat verdi. Lakin Natiq narazı qalaraq əlavə 15 manat da istədi. Tural daha 15 manat verdi. Borcunu ödədikdən sonra telefonunu da özünə qaytaracağını dedi.
Natiqin xahişinə əsasən, Tural telefondan nömrə kartını çıxararaq ona qaytardı. Telefonu isə telefon mağazasında öz şəxsiyyət vəsiqəsi ilə satdı. Həmin pula üçümüz qarpız, pendir və çörək alaraq dəniz kənarına istirahətə getdik”.
“Zorla içində pul olan pul kisəsini və telefonu aldıq”
Turalın istintaq sənədlərində ziddyyətli ifadələri üzə çıxıb. Onun ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi açıqlanıb.
Həmin ifadəsində ona verilmiş ittihamı etiraf edib. O, zərərçəkmiş Natiqi Tural və Rövşənlə birlikdə maşına zorla mindirdiyini, maşında özünün Natiqə şillə vurduğunu deyib: “Natiqdən üçümüz də narkotik tələb etdik. Narkotiki olmadığı üçün pul istədik. Ondan zorla içində pul olan pul kisəsini və telefonu aldıq”.
Digər təqsirləndirilən Rövşən İbrahimov da özünü təqsirli bilməyib. O da ifadəsində Natiqə qarşı zorakılıq etmədiyin, ondan hədə-qorxu yolu ilə pul tələb etmədiyini deyib. Bildirib ki, Natiqlə Tural arasında pul borcu üstündə mübahisə yaranıb, Natiqin ona ödəniləsi pulu tələb edib.
Təqsirləndirilən Tural İslamov da ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, anası ilə birlikdə Xırdalan şəhərində yerləşən Bakı dövlət İqtisadiyyat və Humanitar Kollecin yataqxanasında yaşayır, subaydır:
“2014-cü ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) maddəsi ilə 7 il müddətinə azadlıqdan məhkum olunmuşam. Baxılan iş üzrə saxlanıldığım tarixədək 3 ay kakos kimi tanınan narkotik maddə istifadə etmişəm.
Narkotiki “Sovetski” kimi tanınan ərazidə adını bilmədiyim, lakin üzdən tanıdığım şəxsdən alırdım. Özümü və anamı dolandırmaq məqsədilə gündəlik 50 manat ödəməklə avtomobili icarəyə götürmüşəm, "20 Yanvar"dan Masazır kəndi istiqamətlərində sərnişin daşıyırdım. Digər təqsirləndirilən şəxslər mənim müştərilərim olub. Münasibətlərimiz yaranıb və dostluq etmişik. Hətta asudə vaxtlarımızı da birgə keçirirdik”.
“Səbəbsiz gülür, suallara cavab vermirdi”
Turalın sözlərinə görə, hadisə gününədək maşının yan şüşəsini başqa bir maşın vuraraq sındırıb: “Bu zaman maşında olmamışam, lakin hadisəni görən şəxslərdən bilmişəm ki, güzgünü ağ rəngli maşını idarə edən Natiq adlı şəxs sındırıb və oradan uzaqlaşıb.
2021-ci ilin iyulun 20-də səhər saatlarında Rövşən və Nurlanı Masazır qəsəbəsinə onların işlədiyi evə aparmalı idim. Lakin “Sovetski”də küçədə 2 nəfərin söhbət etdiyini gördüm. Həmin şəxslərdən güzgünü vuraraq sındıran Natiqi soruşdum. Onlar da Natiqin həmin küçə ilə yuxarı istiqamətdə getdiyini bildirdilər. Bu zaman Natiq maşınımın yanından keçdi. Ondan hara getdiyini soruşdum, o, qaçmağa başladı.
Maşını Natiqin arxasınca sürdüm, ona çatdıqda maşından düşüb, qaçmasının səbəbini soruşdu. Natiq "paxmel" olduğunu, məni polis əməkdaşı zənn etdiyi üçün qaçdığını söylədi.
Natiqə maşınımın güzgüsünü sındırdığını, bununla bağlı mənə 185 manat məbləğində zərər dəydiyini bildirdim və ona maşına əyləşməsini təklif etdim.
Natiq maşına arxa oturacağa Nurlanın yanına əyləşdi. Ondan mənə vurduğu zərəri ödəməli olduğunu dedim. O isə səbəbsiz gülür, suallara cavab vermirdi. Bu hərəkətinə əsəbləşdim, üzünə bir şillə vurdum və cibində nə varsa qabaq oturacaqların arasında olan qutunun üzərinə qoymasını tələb etdim.
Natiq cibində olan pul kisəsini və telefonu qutunun üzərinə qoydu. Qutuya baxdıqda orada cəmi 72 manat olduğunu gördüm. Dedim ki, bu pul zərəri ödəmir, bu səbəbdən telefonu da götürəcəm. Natiq telefondakı nömrə kartını ona qaytarmağımı, iş yeri olan Sulutəpədə onu düşürməyi xahiş etdi. Mən də maşını həmin istiqamətdə sürdüm”.
Turalın sözlərinə görə, Natiqin üzərinə bıçaq çıxarmayıb, bıçağın qundağı ilə dizinə vurmayıb: “Rövşən bıçaqla Natiqi hədələməyib. Nurlan isə Natiqi şillə ilə vurmayıb. Bizim heç birimiz Natiqdən narkotik və yaxud narkotik almaq üçün pul istəməmişik. Natiqin bu ifadələri həqiqətə uyğun deyil”.
“Avtomobilə əyləşməsini tələb etdik”
İbtidai istintaq zamanı Tural ifadəsində göstərib ki, iyulun 20-də saat 6 radələrində dostları Nurlan və Rövşənlə “Sovetski”də narkotik almaq üçün avtomobillə gəzməyə başlayıblar:
“Lakin narkotik ala bilmədik. Bu zaman küçədə 3 nəfərin söhbət etdiyini gördüm. Onlardan narkotik istəsək də, biri “yoxumuzdur” dedi. Natiq adlı şəxsin maşının yanından keçməsi məndə şübhə yaratdı, fikirləşdim ki, onda narkotik var. Buna görə avtomobili onun arxasınca sürdüm, Nurlan arxa şüşəni açaraq “hara gedirsən” deyə soruşdu.
Natiq “sənin nəyinə lazımdır” dedi və nədənsə yoluna qaçaraq davam etdi. Avtomobili onun arxasınca sürdüm və 50-60 metr yol qət edərək qabağını kəsdik. Üçümüz də avtomobildən düşdük.
Nurlan Natiqin yaxasından yapışdı, “hara qaçırsan gəl otur maşına” dedi. Birlikdə onun üzərinə gedərək avtomobilə əyləşməsini tələb etdik. Natiq qorxduğu və ehtiyat etdiyi üçün avtomobilə əyləşdi. Avtomoblə əyləşən kimi Nurlan, sonra isə mən “bizə narkotik ver” dedik.
Natiq “məndə narkotik yoxdur, bir telefonum var, bir də pul kisəmdə bir az pulum var” dedi. Nurlan Natiqdən pul kisəsini və telefonunu alaraq mənə verdi”.
“Narkotik satansansa, bizə mal ver”
Turalın ifadəsinə görə, avtomobili hərəkətə gətirib və "20 Yanvar" metrosu istiqamətində hərəkətə başlayıb: “Maşının qapılarını bağladım ki, Natiq düşərək qaçmasın. Üçümüz də ona “narkotik satansansa, bizə mal ver” dedik. “Satan deyiləm” cavabı alanda Nurlan ona baş nahiyəsindən iki dəfə şillə vurdu. Bir daha “mən narkotik satan deyiləm” dedikdə mən də onun üzünə şillə vurdum.
Avtomobildə olan mətbəx bıçağının arxa tərəfi ilə onun sol ayağına vurdum və dedim ki, bizə narkotik ver. Avtomobillə şəhərdən çıxdıq və Sumqayıt şəhəri istiqamətində hərəkətə başladıq. Xırdalan şəhər “Ər-Riyad” Ticarət Mərkəzinin yaxınlığından Qafqaz Universiteti tərəfdən Masazır kəndinə daxil olduq.
Yolun kənarında sakit bir yerdə avtomobili saxladıq. Rövşən əlində bıçaqla yerə düşdü, məndən arxa şüşəni açmağımı xahiş etdi. Rövşən Natiqə “sən bizə narkotik ver, ya da kim satır, adını çək” dedi.
Natiq heç nədən xəbəri olmadığını dedi. Rövşən ona “yalan danışma, sənin dilini kəsərəm" söylədi. Mən isə bildirdin ki, pul lazımdır, pulun yoxdursa, zəng et, gətirsinlər. Natiqdən pul tələb etdim. Natiq cəmi 72 manatı olduğunu bildirdi”.
“50 manatı avtomobilin icarəsinə verdim”
Tural qeyd edib ki, Natiqdən nə narkotik, nə də pul ala bilmədikləri üçün ona hara gedəcəyi barədə sual verib: “Natiq Hökməli dairəsində düşəcəyini dedi. Avtomobili Sultəpə istiqamətində hərəkətə gətirdim. Bu vaxt Natiqin telefonuna iş yoldaşı zəng etdim. Telefonu danışmaq üçün Natiqə verdim.
Natiq telefonda zəng edən adama işi çıxdığını, gələ bilmədiyini dedi. Sulutəpə dairəsində Natiqin mobil telefonundan kartı çıxararaq özünə vermək üçün Rövşən dükana girdi. Simkartı Natiqə verəndə məndən yolpulu istədi. Mən onu "20 Yanvar"da düşürəcəyimi dedim.
Yolda əlil arabasında olan şəxsi avtomobilə götürdü. "20 Yanvar" metrostansiyasına çatmamış avtomobili saxladım, əlili avtomobildən düşürüb yola saldım. Natiqə “pul gətirərsən, telefonu qaytararam” dedikdən sonra pul kisəsini və 22 manatı özünə qaytardım.
Nurlanla birlikdə “Velotrek” ticarət mərkəzinin qarşısında telefon dükanına daxil olduq və telefonu 80 manata öz şəxsiyyət vəsiqəmi təqdim edərək satdım. Sonra üçümüz də Novxanı çimərliyinə getdik.
Yolüstü marketə girərək 2 litrlik “Küller” pivəsi, siqaret və qarpız, pendir, çörək aldıq. Axşama qədər dənizdə olduq. Natiqdən əldə etdiyimiz puldan qalan 50 manatı öz aramızda məsləhətləşdikdən sonra idarə etdiyim avtomobilin icarəsinə verdim”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural İslamov 15 il, Nurlan Səfərov 14 il, Rövşən İbrahimov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların hər birinin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçiləri tərəfindən apellyasiya şikayəti verilib. Rövşən İbrahimovun müdafiəçisi onun ittiham olunduğu Cinayət Məcəlləsinin 144.2.3, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1, 182.2.2, 182.2.3 və 235.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmünü dəyişdirilməsini, onun cinayət əməllərini Cinayət Məcəlləsinin 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törətmək) və 180.2.4-cü (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq törətmək) maddələrinə tövsif edilməsini, həmin maddənin hüdudlarında ədalətli cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.
Nurlan Səfərovun barəsində verilən şikayətdə isə onun barəsində çıxarılan hökmün ləğv edilməsini, ədalətli hökm qəbul edilməsi istənilib.
Digər təqsirləndirilən Tural İslamovun vəkili isə şikayətdə hökmün Cinayət Məcəlləsinin 235.4.3-cü maddəsi hissədə ləğv edilməsini, barəsində ədalətli cəza təyin edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin barəsində verilən şikayətlər təmin olunmayıb.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxslərin müdafiəçiləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə verilən şikayətlər araşdırılıb. Şikayətləri araşdıran hakimlər heyəti sonda qərar elan ediblər.
Qərara görə, şikayət qismən təmin edilib. Tural İslamovun cəzası 13 ilə, Nurlan Səfərovun cəzası 12 ilə, Rövşən İbrahimovun cəzası 10 ilə endirilib.