Gəncə Ağır Cinayətlər Məhkəməsində Gədəbəy rayonunda oğlunu öldürməkdə ittiham olunan atanın – İlqar İlyasovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elşən Vəliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, hadisə 15 noyabr 2025-ci il tarixdə, saat 21 radələrində Gədəbəy rayonunun Slavyanka kəndində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, İlqar İlyasov 37 yaşlı oğlu, zərərçəkmiş Rəşad İlyasovun mütəmadi olaraq spirtli içki qəbul etməsi və evdə narazılıqlar yaratması səbəbindən artıq gərginləşmiş ailədaxili münasibətlər fonunda onunla növbəti dəfə mübahisə edib.
İstintaq materiallarına əsasən, hadisə günü sərxoş vəziyyətdə evə qayıdan Rəşad atasına səhər saatlarında tanımadığı şəxsin avtomobilinə əl etməsi, eləcə də işlədiyi halda qazanc əldə edə bilməməsi ilə bağlı iradlar bildirib. Bu iradlar tərəflər arasında mübahisəni daha da dərinləşdirib. Təqsirləndirilən şəxs isə bunu özünə qarşı növbəti hörmətsizlik kimi qəbul edərək hiddətlənib.
Mübahisənin gedişində İlqar İlyasov oğlunun davranışlarına son qoymaq məqsədilə onu öldürmək qərarına gəlib. O, əyləşdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə Rəşad İlyasova bir dəfə zərbə endirib. Zərbə nəticəsində zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthindən daxilə keçən, sol ağciyəri zədələyən və kəskin qan itirməyə səbəb olan ağır xəsarət alıb. Nəticədə o, hadisə yerində həyatını itirib.
Məhkəmə istintaqı zamanı İlqar İlyasov Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində deyib ki, hadisə axşam saatlarında baş verib. Hadisə günü işdən qayıtdıqdan sonra əvvəlcə qonşuda yemək yeyib, daha sonra evdə də yemək süfrəsi arxasında oturub. Həmin vaxt oğlu evə gələrək ondan müxtəlif suallar soruşub və aralarında mübahisə yaranıb.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, yemək zamanı az miqdarda spirtli içki qəbul edib. Oğlu isə ondan qazancı ilə bağlı suallar verərək mübahisəni daha da alovlandırıb. Ata oğlunu öldürmək niyyətinin olmadığını, sadəcə qorxutmaq istədiyini deyib. Bildirib ki, əvvəllər aralarında ciddi münaqişələr olmayıb və Rəşad heç vaxt ona əl qaldırmayıb, yalnız bir dəfə mübahisə zamanı əşya sındırıb. İlqar İlyasov törətdiyi əməldən peşman olduğunu qeyd edib.
Məhkəmə prosesində zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İlqar İlyasovun həyat yoldaşı isə hadisənin birbaşa şahidi olmadığını söyləyib. Onun sözlərinə görə, ailədə müəyyən gərginliklər mövcud olub və həm əri, həm də oğlu spirtli içki qəbul ediblər. Qadın təqsirləndirilən şəxsin oğlunu qəsdən öldürmədiyini düşündüyünü, onların bir-birlərini çox istədiyini qeyd edib. Həmçinin qadın məhkəməyə İlqar İlyasovla barışdıqlarını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə İlqar İlyasov 9 il müddətə azadlıqdan məhrum edilib.









