Ali təhsil müəssisələrinə əlçatanlığın olması və qəbul prosesinin şəffaflığı istiqamətində nailiyyətlər əldə edilib.
Belə ki, qəbul imtahanlarının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirildiyi dövrdən başlayaraq ali məktəblərə qəbul prosesində şəffaflıq yaranmağa başladı.
Yəni artıq savadlı gənclərin qarşısında heç bir maneə olmadan ali məktəbə qəbul olmaq imkanı yaranıb. Dövlət İmtahan Mərkəzi hazırda orta ümumtəhsil məktəblərinin buraxılış və qəbul imtahanları, dövlət qulluğu və qabiliyyət imtahanlarını keçirir.
Eləcə də ali təhsil müəssisələri, magistratura və doktorantura pilləsində qəbul prosesi DİM-in üzərindədir. Ötən müddətdə imtahanlarla bağlı bir sıra islahatlar həyata keçirilməsi, bu prosesin daha da təkmilləşməsinə gətirib çıxardı.
Ancaq son illər buraxılış və ali məktəblərə qəbul imtahanları ilə bağlı bəzi narazılıqlar yaranmağa başladı. Valideynlər sosial şəbəkələrdə müzakirələr zamanı imtahan suallarının çətin olduğunu bildirir və DİM-in fəaliyyətinə etirazlarını bildirirlər.
Xatırladaq ki, ötən il ali məktəblərə qəbul imtahanı zamanı kənar müdaxilələr də qeydə alınmışdı. Ekspertlərin də bir çoxu buraxılış və qəbul imtahanları ilə bağlı müəyyən problemlərin olduğunu qeyd edirlər.
Onların fikrincə, orta məktəblərin tədris vəsaitlərində öz əksini tapan materiallarla DİM-in imtahan sualları kəskin fərqlənir ki, bu da qəbul imtahanlarında problem yaradır. Belə tövsiyə edilir ki, buraxılış imtahanlarında suallar çox çətin olmamalıdır.
Çünki buraxılış imtahanı ali təhsil müəssisələrinə qəbul prosesini həyata keçirmir. Bu imtahanın nəticələri şagirdin attestat alması üçün əsas göstəricilərdən biridir.
Ekspertlər belə hesab edirlər ki, əgər müəyyən fənlərin çətinlik səviyyəsini artırmaq lazımdırsa, bunu blok imtahanlarında etmək mümkündür. Çünki suallar çətin olduqda, abituriyentlərin topladığı ballar avtomatik olaraq aşağı düşür.
Onu da qeyd edək ki, bir sıra təhsili inkişaf etmiş ölkələrdə ali məktəblərə qəbul prosesi daha asan və təhsil daha çətindir. Yəni ali məktəblərə asanlıqla qəbul olan abituriyentlərlə universitetdən məzun olanları sayı kəskin fərqlənir.
Ölkəmizdə də ali təhsilin daha əlçatan olması istiqamətdə addımların atılması, o cümlədən buraxılış və blok imtahanlarındakı sualların hər il nəinki daha da çətinləşdirilməsi, hətta asanlaşdırılması təklif edilir.
Hətta bəzi imtahanlarda suallarla bağlı problemin olduğunu müvafiq qurum da təsdiqləmişdi. Buraxılış və qəbul imtahanlarında yaranan problemlərin aradan qaldırılması üçün bəzi mütəxəssislər hər iki qurumun, yəni DİM və Elm və Təhsil Nazirliyinin birləşdirilməsini daha məqsədəuyğun hesab edirlər. Ümumiyyətlə, iki əlaqədar qurumun, Elm və Təhsil Nazirliyi ilə DİM-in bir masa ətrafında oturub təhsildəki problemi həll etməsi daha məqəsədəmüvafiq olardı.Çünki bu gün ən çox mübahisəyə səbəb olan problemlər məhz bu sahədədir.








