Kürdə suyun səviyyəsinin artması, çayın Xəzərlə birləşən hissəsində bəndin dağılması əhali üçün, əgər lazımi tədbirlər görülməzsə hər nə qədər təhlükəlidirsə, dəniz üçün faydalıdır.
Ekoloq-hidroloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, əvvəla Kürün Xəzərlə qovuşan hissəsində bəndin tikilməsi yanlış idi:
- Biz vaxtilə buna etiraz etmişdik. Bəndin nə vaxtsa dağılacağını 4-5 il əvvəl demişdik, bu, təxminən 2021-22-ci illər idi. İctimai Televiziyada aparılan müzakirə zamanı mən bildirdim ki, Xəzərin suyunun Kürə tökülməsinin qarşısını almaq üçün bənd tikmək lazım deyil, dağılacaq o bənd. Amma tikdilər, dedilər, hesablamışıq. Deməli, düzgün hesablama aparılmayıb. Dediyimiz kimi də oldu, bənd davam gətirmədi. Çayda sululuq arta bilər, bu il çox güclü yağıntılar olub, bu da çayda suyun səviyyəsini artırıb. Ona görə də, infrastruktur layihələri əyata keçirilərkən mütəxəssislər dəvət edilməli, məsləhətləşmələr aparılmalı, rəylər dinlənməli və əhəmiyyət verilməlidir. Ola bilsin bir şirkət gəlir, kontrakt bağlamaq üçün nələrsə təklif edir, onunla razılaşırlar, sonra da məlum olur ki, səvh qərar imiş.
Ekoloq bildirdi ki, Kürdə suyun səviyyəsinin artması və bəndin də dağlması Xəzər dənizinə daha çox şirin suyun daxil olması deməkdir ki, bu da Xəzərin suyunun azalmasının qarşısını almağa və səviyyəni müəyyən qədər yüksəltməyə kömək edir. Lakin:
- Bunun Xəzərin səviyyəsinin qalxmasına təsiri olacaq, amma müəyyən qədər, elə də böyük, əhəmiyyətli dərəcədə yox. Xəzərin su balansı başqa amillərdən də asılıdır - buxarlanma, digər çaylardan daxil olan su, yağıntı və iqlim dəyişiklikləri də təsirini göstərir. Kür çayı Xəzərə tökülən əsas çaylardan biri olsa da, onun səviyyəsindəki qısamüddətli artımlar dənizin ümumi səviyyəsində kəskin dəyişiklik yaratmır.








