“Məcburi köçkünlərin vətəndaşların evlərini zəbt etmələri yeni məsələ deyil. Köçkünlük başlayan dövrdən bu proses gedir. Xeyli ciddi problemlər olub. Bu məsələ o vaxtdan indiyə qədər çox sayda insanın taleyinə təsir edib. İndi də xeyli vətəndaşımızın mənzili məcburi köçkünlər tərəfindən zəbt olunmuş vəziyyətdə qalır. Vaxtilə qeyri-rəsmi qərar verilmişdi ki, məcburi köçkünlər zəbt etdikləri mənzildən çıxarılmasınlar. Amma bunun müqabilində heç kim vətəndaşlara kompensasiya vermədi. İndiyə qədər də bu problem həll olunmamış qalıb. Nə qədər mənzil sahibləri özləri hazırda kirayədə qalırlar. Mənim yaxın dostlarımdan biri də oğlunu evləndirdi, kirayə evə köçürdü. Belə problemlər var. Məsələyə kompleks yanaşmaq lazımdır. Bu problem yavaş-yavaş artıq həllini tapmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
Deputat xatırladıb ki, Qarabağda tikinti-quruculuq işləri çox sürətlə gedir: “Vətəndaşlarımız artıq öz yurd-yuvalarına köçürülüblər. Məcburi köçkünlərə vaxtilə verilən müəyyən evlər artıq boşalır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əlində plan olmalıdır. Bəzi şəxslərin, doğrudan da, getməyə yeri yoxdur. Bir qisim isə bundan sui-istifadə edir. Heç kim vəziyyətdən sui-istifadə etməməlidir. Məcburi köçkünlərimizin də, mənzili zəbt olunmuş vətəndaşlarımızın da vəziyyətini başa düşməliyik. Eləsi var, öz mənzilinə köçmədən dünyasını dəyişir. Məsələ tezliklə həllini tapmalıdır. Təkcə mənzil məsələsi deyil. Məsələn, Biləcəri qəsəbəsində 284 nömrəli məktəbin bir hissəsində Laçın rayonundan olan məcburi köçkün, təxminən, 2 min toyuq saxlayır. Bir başqası məktəbin qarşısını sallaqxana edib. Yerli sakinlərdən də, məcburi köçkünlərdən də belə hala yol verən var. Məktəbin içində 2 min toyuq-cücə saxlayır, heç bir aidiyyəti orqan da buna cavab vermir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, polis və digər aidiyyəti qurumlar nə ət kəsənə, nə də toyuq-cücə saxlayana heç bir reaksiya vermirlər. Məsələni dəfələrlə qaldırmışam. Görünür ki, məktəbin rəhbərliyi də bu adamlardan çəkinir, şantaj edirlər... Yerli sakinlər şikayətlənsələr də, rəsmi şikayət yazmaqdan qorxurlar. Belə şey olar? Məktəbin içində toyuq-cücə saxlayarlar? Ölkədə hamı görür, amma heç kim səsini çıxarmır. Məcburi köçkünlər bizim soydaşlarımız, qardaşlarımızdır, vəziyyətlərini başa düşürük. Onların məskunlaşmaq məsələsi planla həll olunmalıdır. Mənzilləri zəbt olunmuş vətəndaşlarımızın da haqqı-hüququ qorunmalıdır”.