Son günlər Azərbaycanda ətin bahalaşması ilə bağlı xəbərlər yayılır. Əsasən dana ətinin qiymətində artımın olduğu deyilir. Buna səbəb kimi son illər ölkədə iri buynuzlu mal-qaranın, həmçinin keçi və qoyunların sayının azalaraq minimum səviyyəyə düşməsi göstərilir. Bununla yanaşı, ötən il ölkədə ət istehsalı əvvəlki illə müqayisədə 0,9% artsa da, ət idxalı 17,5% yüksəlib. Hazırda ehtiyatların böyük hissəsi həm daxili istehsal, həm də idxal hesabına formalaşır.
Ətin bahalaşmasının səbəbləri nədir? Qiymət artımının qarşısı alınacaqmı, yoxsa ətin qiyməti tamamilə sərbəst buraxılacaq?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, heyvandarlıq sahəsinin zəifləməsi, iri buynuzlu mal-qaranın, həmçinin keçi və qoyunların sayının ildən-ilə azalmasının əsas səbəbi kənd təsərrüfatı sahəsində innovativ inkişafın olmamasıdır.
Onun fikrincə, kənd təsərrüfatı sektoru elə bir sahədir ki, artıq Azərbaycan dünya ilə inteqrasiyaya doğru gedir və bu sahənin çətin və zəhmətli olması innovativ inkişafı zəruri edir:
“İnsanlar artıq vaxtlarının böyük hissəsini bu işlərə sərf etmək istəmirlər. Qeyd etdiyim kimi, bu sahə zəhmətli olduğu üçün ona maraq azalıb. Digər bir səbəb isə örüş sahələrinin azlığı və ya bəzi şəxslər tərəfindən “işğal” olunmasıdır. Örüş sahələri olmadığı üçün kəndli heyvanını otlağa çıxara bilmir və nəticədə məcburən hazır yem almağa məcbur qalır. Hazır yemlə bəslənən mal-qaranın saxlanması daha baha başa gəlir ki, bu da ətin qiymətinə birbaşa təsir edir. Bundan başqa, regionlarda işsizlik problemi də mühüm rol oynayır. İşsizlik nəticəsində urbanizasiya prosesi sürətlənir və şəhərləşmə artır. Bakı artıq meqapolisə çevrilib. İnsanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmirlər. Bunun əsas səbəbi sahənin zəhmətli olması, innovativ inkişafdan geri qalması və nəticə etibarilə insanların şəhərlərə üz tutmasıdır”.
Ətin qiymətinin bahalaşması məsələsinə gəldikdə isə, iqtisadçı qeyd edib ki, bu, həm də insanların qidalanması ilə bağlıdır:
“Azərbaycanda qidalanmanın əsas hissəsini ət məhsulları təşkil edir. Günorta və axşam yeməklərində ətə olan tələbat yüksəkdir. Buna görə də, qiymət artsa belə, insanlar bu məhsulu almağa davam edirlər. Məsələn, bir ailənin aylıq ət tələbatı 10 kiloqramdırsa və qiymət 20 manatdan 30 manata qalxsa belə, ailə həmin miqdarı azaltmaqla da olsa (məsələn, 8–7 kiloqrama qədər) yenə də ət alacaq. Çünki bu məhsula tələbat davamlıdır. Burada işbazların da rolu var. Onlar bilirlər ki, istehlakçı ətə olan ehtiyacını hər halda ödəməyə çalışacaq. Bu səbəbdən də süni qiymət artımı halları baş verir”.
Günay Hüseynovanın sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən monitorinqlər aparılır, bazara müdaxilələr edilir:
“Əgər dövlət bu müdaxilələri etməsəydi, ola bilərdi ki, bu gün ətin qiyməti 40 manata qədər yüksəlmiş olardı. Bu sahədə qiymət sabitliyinin təmin olunması üçün müəyyən problemlər aradan qaldırılmalıdır ki, heyvandarlıq inkişaf etsin. Bu da təkcə ət məhsullarında deyil, ümumilikdə kənd təsərrüfatı məhsullarında qiymətlərin sabitləşməsinə səbəb olar. Xarici ölkələrin, xüsusilə də ABŞ-ın təcrübəsinə baxdıqda görürük ki, orada yaşlı və orta yaşlı insanlar kənd təsərrüfatı, fermerlik və heyvandarlıqla məşğul olurlar. Bizdə isə əksinədir, bu yaş qrupuna aid insanlar əsasən paytaxt Bakı və digər şəhərlərdə məskunlaşıblar. Eyni zamanda bu insanlar işsizlikdən şikayət edirlər. Nümunə olaraq, 50 yaşdan yuxarı insanlar təqaüd yaşına çatmadıqları üçün sosial təminat da almırlar”.
Müsahibimizin fikrincə, problemlərin həlli və sahənin tənzimlənməsi üçün iqtisadi və sosial paket hazırlanmalıdır:
“Orta yaşdan yuxarı olan insanlara müəyyən aylıq ödənişlər edilməli və bu şərtlə ki, onlar öz bölgələrində kənd təsərrüfatı ilə məşğul olsunlar. Eyni zamanda, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi vacibdir ki, bu da işin daha asan və səmərəli olmasına şərait yaratsın. Belə hallarda heyvandarlıq sahəsi inkişaf edər və biz yalnız idxalçı ölkə yox, həm də bu sahədə ixracatçı ölkəyə çevrilə bilərik”.