“Bu gün Ağdamın işğalından artıq 32 il ötmür. Mənə elə gəlir ki, hər bizimiz bu gün sözümüzə şəhidlərimizin ruhlarının şad olmasını diləməklə başlamalıyıq. Mən torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qardaş və bacılarımızın ruhu qarşısında baş əyirəm, onlara Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayıram. Ali Baş Komandanımız, qalib sərkərdəmiz İlham Əliyevə və ordumuza daim qələbələr arzulayıram”.
Bunu Moderator.az-a açıqlamasında 1995-2000-ci illərdə Milli Məclisinin deputatı olmuş, əslən ağdamlı Çimnaz Əliyeva deyib.
O daha sonra əlavə edib:
“Həqiqətən də 1993-cü il, 23 iyul Azərbaycan tarixinin qara səhifələrindən biri idi. Bir ağdamlı olaraq, orada böyüyüb, boya-başa çatan, müxtəlif vəzifələrdə çalışan, gəncliyini orada keçirən bir insan olaraq bu tarix uzun illər mənim üçün ağrılı olub. Bu gün torpaqlarımız azadlıqdadır, oralara rahat gedib-gəlirik, amma buna baxmayaraq o yara bizim əbədi qəlbimizdədir. Bu gün Ağdamda quruculuq işləri gedir, yenidən tikilir. Mən Ağdamın yeni layihəsi ilə müəyyən qədər tanış olmuşam, həqiqətən də Ağdam çox gözəl, qeyri-adi bir şəhər olacaq. Amma o bizim dövrümüzün, yaşadığımız illərin, keçirdiyimiz o xoşbəxt günlərin Ağdamı olmayacaq. Yeni Ağdam çox gözəl, deyərdim ki, yeni nəslin Ağdamı olacaq. İşğaldan sonra Ağdama ilk gedişimlə son gedişim arasında yerlə-göy qədər fərq var. İlk gedişimdə Ağdamda salamat bir şey görmədim. Amma bu gün tamam fərqlidir. İlin axırında Ağdam şəhərinə köçün yola salınması da planlaşdırılır. Mən çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum. O günləri səbirsizliklə gözləyirəm, necə deyərlər “iplə çəkirəm”. Ağdamda may ayında Muğam Mərkəzi istifadəyə verildi. Mən də açılışda iştirak etdim və deyərdim ki, Ağdamın adına yaraşan bir möhtəşəm mərkəzdir. Bilirsiniz ki, Ağdam torpağı incəsənətin, mədəniyyətin beşiyi olub. Azərbaycan muğam və musiqi sənətinə böyük töhfələr bəxş edib. Biz bir çox Ağdamlıları əcəlsiz itirdik. Onlar Ağdam həsrətinə dözməyib, böyük nisgillə həyatdan köçdülər. Buna ümid edirəm və inanıram ki, Ağdam yenidən öz çal-çağırlı, şöhrətli, barlı-bağatlı günlərini bərpa edəcək” deyə o bildirib.
Çimnaz Əliyeva daha sonra Ağdamda keçirdiyi illəri belə xatırlayıb:
“1992-ci il fevralın 26-sı Xocalı faciəsindən sonra Ağdamda demək olar ki, işğal dövrünə qədər atəş altında yaşamışıq. Ağdam ömür boyu ermənilərin gözünə ox olub batıb. Onlar işğal edəndən sonra heç Ağdamda yaşamayıblar. Ağdamdan sadəcə qisas alıblar. Bilirsiniz ki, Ağdam 6 mindən çox şəhid verib. Ermənilər Ağdamın daşından, qumundan, kəsəyindən, var-dövlətindən də qisas alıblar. Mən Laçına da, Şuşaya da, Xankəndinə də getmişəm, oralarda nəsə qalıb. Gedib nəsə tapmaq olur. Amma Ağdamda o da yoxdur. Məhəllələri də tapmaq çətindir” deyə Çimnaz Əliyeva bildirib.
Çimnaz xanım bildirib ki, Ağdamda müxtəlif rəhbər vəzifələrdə çalışıb və hadisələr başlayanda tabeliyində olan erməni işçiləri işlərindən azad edib:
“Bu hadisələr hələ təzə başlayanda bir-iki erməni işçim var idi. Mən onları çağırıb, ərizələrini alıb, işdən azad etdim. Dedim ki, ümumiyyətlə Ağdamdan çıxıb gedin. Baxmayaraq ki, ən yaxşı işçilərimdən idi. Kitabxanaçım idi. Mənim mövqeyim onlara bəlli idi. Buna görə də ermənilər məni sevmirdi. Mən həm də Ağdamda Qadınlar Şurasının sədri idim. Xocalıdan gələn qadın və uşaqları şəxsi evlərə, peşə məktəblərinə, texnikom binalarına yerləşdirirdik. Kənd-kənd gəzib insanları qeydiyyata alırdıq. Bütün bunları şəxsi vəsaitimiz hesabına edirdik. 1988-ci ildən hadisələr başlayanda mən bu hadisələrin mərkəzində idim” deyə o bildirib.
Çimnaz xanım Ağdamdan çıxdıqları günü belə xatırlayır:
“Ağdamdan 23 iyul günü çıxmışam. Gecələr atırdılar, həyat yoldaşım da zavod direktoru idi, gündüz işə gedirdi, axşam da postlarda qalırdı. Öz camaatımızdan özünümüdafiə dəstələri yaratmışdılar. Gecə saatlarında atəş açdıqları üçün uşaqları qonşu kəndlərindən birinə qoymuşduq. Sonra belə qərara gəldik ki, yaxın kəndlərin birində müvəqqəti bir ev təşkil edək, uşaqları aparaq ora, mən işə gedim axşam qayıdım uşaqların yanına, yoldaşım da getsin posta. Zəngişalı kəndində kirayə ev tutduq. Şəhərdən bir az aralı idi. Səhəri gün şəhərə işə getməli idik. Şəhərə çata-çatda gəlib qarşısımızı kəsib dedilər ki, “getməyin, tez-tez atırlar”. Hələ biri yoldaşıma dedi ki, “sən getsən də müəlliməni aparma, vəziyyət çox pisdir, atəş dayanmır”. Şəhərə çata-çatda məni başqa bir maşınla geriyə qaytardılar, amma yoldaşım irəli getdi. Mən qayıtmaq da istəmirdim. Həyat yoldaşım o günü evə yaralı gəldi. Uşaqları da 2 gün idi ki, Bakıya anamgilə göndərmişdim. Yoldaşımın üst-başı qan içində idi. Gördüm gəldi. Ondan soruşuram ki, avtomobil qəzası keçirmisən? Heç cür ağlıma sığışdıra bilmirəm ki, Ağdam işğal oluna bilər. Bunu təsəvvür edə bilməzdim. Yoldaşım bir az özünə gələ biləndən sonra mənə vəziyyəti izah etdi. Vəziyyətin nə dərəcədə ağır olduğunu bilirdim, amma Ağdamın işğalına inanmaq istəmirdim. Çünki ermənilərin Ağdamı işğal etməsi heç cür baş tutmazdı, əgər onların havadarları olmasaydı. Mən üstümdə qumbara gəzdirirdim, sürücümün də bir avtomatı var idi. Danışanda adama bir az qəribə gəlir, amma bunu mən yaşamışam. Sürücümə deyirdim ki, birdən özümü vuraram sağ qalaram, sən avtomatı mənə tərəf tutub öldürərsən. Biz kənddə uşaqları qoyub gedirdik. Evdə dəmir seyf var idi. İçində də qumbara. Böyük övladımın 13 yaşı var idi. Ona deyirdik ki, birdən nəsə olsa qumbaranı götürüb, çəkin ki, düşmən əlinə düşməyəsiz. Hətta İcra Başçısı yoldaşıma deyirdi ki, müəlliməni şəhərdən çıxarın. Mən deyirdim ki, necə çıxa bilərəm? Əhatəmdə görün nə qədər qadın var, onları qoyub hara gedə bilərəm?. Şükürlər olsun ki, o günlər geridə qaldı” deyə Çimnaz Əliyeva bildirib.