Bəzi dostlar adımın Milli Mətbuat günü münasibətilə mükafatlandırılanlar siyahısında olmadığını görüb mənə zəng edir, bir növü “başsağlığı” verirlər.
Mən də onlara müraciətlə deyirəm:
“Müdrik hökumətimiz görünür, mənim xasiyyətimi yaxşı bildiyi üçün bu səhvi etməyib. Mən sovetlərin son nəsil insanlarındanam. Şagird olanda bizim ən böyük hədəfimiz anti-sovet tədbirlərində fərqlənmək idi. Belə tədbirlərdə iştiraka görə isə mükafat vermirdilər.
Sonra əsgərliyə getdim. Rusiyanın Kalininqrad, Braynski və Moskva şəhərlərində hərbi xidmətdə oldum. 2 il ərzində 3 dəfə yer dəyişməyim isə sovet ordusuna özünəməxsus tərzdə “xidmət” etməyimlə əlaqədar idi. Bu xidmətim nəticəsində SSRİ Hərbi Prokurorluğundan sonuncu xəbərdarlığımı almış və SSRİ Müdafiə naziri Yazova "şanlı məktub" yollamışdım. Məktubda sovet ordusu ilə faşist ordusunu müqayisə etmiş və hərbi hissəmizdə baş verən bütün qanunsuzluqları nazirin diqqətinə çatdırmışdım. Və bu səbəbdən də qalan 4 aylıq zamanımı keçirmək üçün birbaşa Moskvaya gətirilmişdim.
Maraqlıdır ki, ordu sıralarından çağırışçı yaşıdlarımdan xeyli əvvəl azad olundum – aprelin 28-də. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu gün. Komandirim bu iltifatını mənə belə izah etmişdi – sən onsuz da yararsız əsgərsən. Ata-anana acıyıb səni həbs olunmamış evə buraxmağı məsləhət bildim.
Bir sözlə, əsgərliyə sıravi əsgər kimi getmişdim, sıravi əsgər kimi də qayıtdım. Çünki bizim uşaqların bir devizi vardı: “təmiz poqon, təmiz vicdan”.
Hardasa 35 illik jurnalistlik fəaliyyətimdə də indiyədək poqonumu təmiz tutmağa çalışmışam. Müdrik hökumətimiz poqonumu ləkələməyə qərar versəydi, bundan xeyli inciyərdim. Ən azı ona görə ki, hazırda həbsxanalarda xeyli sayda qadın jurnalistlərimiz yatdığı halda, “poqonumda daşıyacağım ləkə” mənim üçün ağır yükə çevrilərdi.
Odur ki, müdrik hökumətimizə mənə göstərdiyi bu lütfkarlıqlarına görə dərin təşəkkür edirəm.
Heydər Oğuz - jurnalist
"DİA-AZ"