Füzuli Beynəlxalq Hava Limanı işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması prosesində mühüm əhəmiyyətə malikdir. Əvvəllər bu layihələrin gərəksiz olduğunu düşünən bəzi çevrələr, hazırda Füzuli, Zəngilan və Laçında yerləşən aeroportların strateji əhəmiyyətini yüksək qiymətləndirirlər.
Füzuli aeroportu yalnız beynəlxalq səfərlər üçün rahat və təhlükəsiz bir nəqliyyat mərkəzi təqdim etmir, eyni zamanda Azərbaycanın postmünaqişə dövründə gücünü, iradəsini də dünyaya göstərir. Yaxın və uzaq ölkələrdən gələn dövlət, hökumət başçıları, turistlər, xarici qonaqlar Qarabağa və Şərqi Zəngəzura daha sürətli, həmçinin təhlükəsiz çatma imkanı əldə edirlər. Beləliklə, Azərbaycanın regionda həyata keçirdiyi infrastruktur layihələrinə olan maraq və heyranlıqlarını dilə gətirirlər.
Globalinfo.az-a danışan deputat Azər Badamov deyib ki, Füzuli, Zəngilan və Laçın beynəlxalq aeroportları dünyaya açılan qapılarımızdır:
“Qısa zaman kəsiyində üç beynəlxalq aeroportun inşa olunması Azərbaycanın iqtisadi gücünün göstəricisidir. Eyni zamanda, bu hava limanlarının fəaliyyəti çətin relyefi olan ərazilərə səfərlərin edilməsini rahatlaşdırır. Füzuli Hava Limanı artıq xarici qonaqları qəbul edən bir məkana çevrilib. Qonaqlar buradan çox rahat şəkildə Xankəndiyə və Şuşaya gedə bilirlər. Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü, Şuşada isə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi samiti keçirlidi. Bu hava limanları olmasaydı, dövlət başçılarının və digər rəsmi nümayəndələrin Qarabağa səfəri çətin olacaqdı. İşğaldan azad edilmiş ərazilər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilib. Bu, həm də inkişaf edən Azərbaycan haqqında xarici qonaqlarda təəssürat formalaşdırır”.
Deputat qeyd edib ki, hava limanları işğaldan azad olunmuş ərazilərin təhlükəsizliyinin təmin olunması baxımından da çox vacib obyektlərdir:
“Belə ki, ehtiyac duyulacağı təqdirdə çətin dağ relyefi olan ərazilərdə çevik yanaşmaların edilməsi üçün hava limanlarının olması çox əhəmiyyətlidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikilmiş aeroportlar, həm də bu ərazilərin yenidən qurulub bərpa edilməsi işini sürətləndirir. Xaricdən gətirilən bəzi vacib yüklərin birbaşa təyinat yerinə çatdırılmasında hava limanlarının böyük rolu var. İşğaldan azad olunmuş ərazilərdə “Böyük Qaydış” prosesinə dair dövlət proqramları icra olunub başa çatdıqdan sonra hava limanları vasitəsilə bir sıra ölkələrə beynəlxlaq reyslər təşkil olunacaq. Beləliklə, həmin ərazilərin turizm potensialından səmərəli istifadə etməyimizə şərait yaranacaq. Bir sözlə, Füzuli, Zəngilan və Laçın hava limanlarının fəaliyyəti siyasi, iqtisadi və təhlükəsizlik baxımından çox əhəmiyyətlidir”.