Hələ Qarabağda tarixi qələbədən əvvəl Prezident Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə müşavirədə ilk dəfə "hücum diplomatiyası" ifadəsini işlətmişdi. O zaman hakimiyyətin tənqidçiləri (həm ölkə daxilində, həm də xaricdə olan tənqidçilər) bu ifadəyə tənqidi şərhlər verirdilər, bəziləri hətta ironik yanaşmışdılar. Ancaq zaman göstərdi ki, bu ifadə doğru imiş.
Baza təhsili diplomatiya olan İlham Əliyev Azərbaycan prezidenti olaraq diplomatlara o zaman növbəti hədəflər göstərmişdi, diqqəti yeni çağırışlara yönəltmişdi. "Hücum diplomatiyası" ifadəsi də məhz buradan yarandı.
Əslində bu, sadə bir ifadə deyildi, leksik vahid deyildi. Bu, bir stategiya idi. Nəticəsi də məlumdur.
Bu dəfə isə prezident lazım gələndə hücuma da keçən media haqda danışdı. Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunda "APA Group"un prezidenti Vüsalə Mahirqızının sualına cavabında dövlət başçısı milli mətbuatın indiki səviyyəsinə yüksək qiymət verdi.
Prezident İlham Əliyev belə dedi: "Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib".
Bəli, Prezident "hücum mediası" ifadəsini işlətməsə də, hücumda olan mediadan danışdı. Çünki dövləti təkcə ordu qorumur, həm də media qoruyur. Biz o mətbuatıq ki, Azərbaycanı həmişə müstəqil siyasət yürüdən dövlət kimi görmək istəmişik. Bu gün milli dövlət siyasəti hücumdadırsa, milli media da müdafiəyə çəkilməli deyil.
Media öz dövrünün çağırışlarından doğulur. Jurnalistlər yaradıcı indvid olmaqla yanaşı, həm də ictimai orqanizmin bir parçasıdır. Bəli, söz, məlumat, fikir azadlıqları universal anlayışlardır və bir ölkənin sərhədləri içərisində qapanıb qalmır. Ancaq media, prezidentin də ifadə etdiyi kimi, jurnalistlər deməkdir. Jurnalist isə konkret ölkənin vətəndaşıdır. Onun öz sənətindəki məsuliyyəti öz ölkəsinə mənsubiyyəti ilə ziddiyyətdə, münaqişədə olmalı deyil. Əlinə qələm alan hər kəs bu nüansı həmişə nəzərə almalıdır. Bəşəri dəyərlər adı altında öz ölkəsini qaralamaq da doğru deyil. Məsələn, təxminən 5 il əvvəl Azərbaycan öz torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayanda, bir qism qələm sahibi və ictimai fəal buna qarşı çıxmışdı. Müharibə əleyhinə şüarlar, fikirlər, tezislər irəli sürürdülər. Qəribədir ki, Ermənistanın işğalçılığını deyil, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı müharibəni qınamışdılar. Bəşəri dəyərlərə, universal hüquqlara, azadlıqlara, humanist prinsiplərə istinad edirdilər. Halbuki elə həmin beynəlxalq hüquq, o cümlədən, BMT Nizamnaməsi Azərbaycana özünü müdafiə, öz torpaqlarını hərbi yolla azad etmək haqqı vermişdi. Üstəlik, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirirdi. O məqamda milli mətbuat dövlətin haqlı mövqeyini müdafiə edərkən, antimilli media qurumları bunun əksinə getdi.
Çox qəribədir, antimilli media bir yandan, BMT-nin məlum qətnamələrini tərifləyirdi, o biri yandan isə, bu qətnamələri yerinə yetirən Azərbaycan dövlətini müharibə apardığıba görə, tənqid edirdi.
Bu yanaşmanın hardan qaynaqlandığını və necə qidalandığını, əlbəttə, təxmin etmək olar. Bu, ayrı bir söhbətin mövzusudur. Əsas vurğulamaq istədiyimiz məqam bundan ibarətdir: milli media həmin məsul mərhələdə öz qınına çəkilsəydi, antimilli media ictimai rəyi öz xarici sponsorlarının maraqlarına uyğun olaraq formalaşdırmağa həvəslənəcəkdi və bəlkə də müəyyən qədər bunu bacaracaqdı da. Ona görə prezident idmandakı "ən yaxşı müdafiə hücumdur" ifadəsini işlətdi. O, bu ifadəyə xüsusi şərh verməsə də, məna aydındır: Azərbaycanda milli media dövləti qoruyan ən təsirli alətlərdən birinə çevrilib. Bu, çox maraqlı və önəmli bir faktın dövlət rəhbəri səviyyəsində mötəbər konstatasiyasıdır.
Bu fakt və prezidentin verdiyi yüksək qiymət milli mediaya ikinci nəfəs verəcək. Söz, fikir, məlumat azadlığı quru ifadə deyil, doğru sözün, faydalı fikrin, dürüst məlumatın azadlığı deməkdir. Məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır. İnformasiya əsrində yaşayırıq, bunu dezinformasiyasiya əsrinə çevirmək istəyənlər var. Antimilli media dezinformasiya mühitində çox rahat intişar tapır. Doğru və dolğun informasiya mühitini yaratmaq isə milli medianın məsuliyyətidir. Deməli, bizə, doğrudan da, "hücum mediası" lazım imiş.
Bahəddin Həzi, Bizimyol.info