Hər bir ölkədə iş başında olan siyasətçilərlə yerli siyasətşünasların ritorikası arasında fərqlər olur. Siyasi xadimlərin diplomatik cümləpərdazlıqla ifadə etdikləri fikirləri politoloqlar qızıl-qırmızı şəkildə, heç nədən çəkinmədən, əndazəni aşaraq, hədləri keçərək dilə gətirirlər.
Hətta dövlətin icraedici hakimiyyətinə dəstək verən qanunverici orqanın - parlamentin bəzi üzvləri (onlara “qırğı” deyirlər) də sözlərinin dalına daş qoymurlar, beyinlərinə gələn ən çılğın ifadələrlə danışırlar.
Bu zaman onların bu cür danışıqlarından təsirlənən başqa dövlətlərin rəsmiləri etiraz bildirəndə birincinin rəsmi şəxslərinin belə bir standart cavabları olur: “Onlar rəsmi şəxslər deyil, dedikləri öz subyektiv fikirləridir və dövlətin mövqeyini əks etdirmir. Biz deputatın ağzını yuma bilmərik” və s.
Hazırda Rusiyada başlanmış anti-Azərbaycan isterikasında fəallıq göstərən, ünvanımıza ağır və həyasız ittihamlar, hədələr səsləndirən şəxslər məhz həmin “qeyri-rəsmi şəxslər”dir. Onlar dövlətdə rəsmi vəzifə tutmurlar, dövlətin adından danışmırlar, amma istəyirlər və tələb edirlər ki, Rusiya dövləti Azərbaycanla müharibəyə başlasın. Bakıya “Oreşnik” raketi atılmasını tələb edənlər də var.
Təbii ki, bu cür danışanlar məsuliyyətsiz, dəlisov, çılğın adamlardır və dünyada heç bir dövlət belələrinin ağlı ilə idarə olunmur. Dövləti idarə edənlərin əlində hərtərəfli informasiya və analitik hesabatlar olur, özləri də atacaqları addımları daha dərindən və soyuqqanlılıqla ağır-yüngül edə bilirlər.
Jirinovskilərə, tolstoylara, roqozinlərə, medvedyevlərə, solovyovlara qalsaydı, ya nüvə müharibəsi ilə dünya çoxdan dağılımış olardı, ya da Rusiya parçalanar, yerində 47 dövlət əmələ gələrdi.
Bu baxımdan çılğın deputatların, dəlisov politoloqların, hikkəli propoqondistlərin dilə gətirdikləri hərzə-hədyanlar, təhdidləri bir yerə qədər ciddiyə almaq olar. Bunlar daha çox psixoloji təsir səciyyəsi daşıyır.
Ancaq pis bir iş var ki, bu kimi isterik çıxışlar ictimaiyyətin düşüncəsinə təsir edir, ümumi rəylər yaradır, düşmənçilik toxumu səpir, kütlələri radikallaşdırır. Bu isə təhlükəlidir. Bir neçə populyar politoloq və aparıcının, üstəlik, Duma deputatının israrlı şəkildə bir etnik qrupa, diaspor təşkilatına barmaq tuşlayaraq, onu “düşmən” elan etməsi milyonlarla insanda bənzər qənaətlər yarada bilər və yaradır.
Almaniyada yəhudi talanları başlanmazdan əvvəl məhz belə bir psixoloji mühit yaradılıb, ictimai rəy hazır hala gətirilib və bir gün yəhudilərə qarşı repressiya başlananda alman cəmiyyəti səssiz qalıb, hətta hesab edib ki, hökumət düz edir, yaman gündə olmağımızın səbəbkarı yəhudilərdir.
İndi rus cəmiyyətində də belə bir qənaət formalaşdırılıb ki, müharibədəki uğursuzluğun (3 il yarımdır Rusiya ordusu yerində çabalayır), iqtisadi problemlərin, kriminogen durumun bərbadlığının yeganə səbəbkarı miqrantlardır.
Bu fikir cəmiyyətin şüuruna hakim kəsilib. Ona görə də insanlar miqrantlara, diaspor təşkilatlarına qarşı mürtəce həmlələri məmnunluqla qarşılayır, alqışlayırlar.
Həqiqət isə ondan ibarətdir ki, Rusiyanın problemlərinin baiskarları rus nazirlər, rus generallar, rus qubernatorlar, rus oliqarxlar, rus deputatlar və rus kriminallardır. Bu sonuncular Rusiya Federasiyasında ən böyük və ən güclü mütəşəkkil cinayət qruplaşmalarında birləşiblər və onların yanında qeyri-rus kriminalların formalaşdırdığı etnobandalar yeniyetmə birlikləri kimi bir şeydir.
Bunu bilənlər çox olsa da, dilinə gətirənlər azdır. Çünki hamı qorxur. Dövlətin rəsmi kursuna dair bir kəlmə o yan-bu yan söz demək “xarici agent” elan edilməyə, “dövlətin siyasətinə kölgə salmağa” bərabər tutulur və cəzalandırılır.
Fikir verirsinizsə, son aylarda neçə-neçə diaspor təşkilatı rəhbərini və fəalını müxtəlif bəhanələrlə Rusiyadan deportasiya edirlər. Onları nədəsə ittiham etməyə heç bir əsas yoxdur, ancaq sırf irticaya müqavimət göstərdikləri üçün “arzuolunmaz şəxs” elan edilir və ölkədən çıxarılırlar.
Son il yarımda Rusiyanın qanunvericiləri və hüquq-mühafizə orqanları əsasən iki cəbhədə döyüşürlər. Bu cəbhələrdən biri Ukraynadadır, o biri Rusiyanın özündədir, miqrantlara qarşıdır.
Çılğın patriot-politoloqlar bir gün Ukraynaya “hücum edəndə”, ertəsi gün miqrantların, diaspor təşkilatlarının üstünə cumurlar. Son həftələrdə isə miqrantların gəldiyi ölkələrə, keçmiş sovet respublikalarına qarşı aqressiya sərgiləyirlər.
Hərdən adam mat qalır: bu respublikaların günahı nədir? Heç biri Rusiyaya hücum etmir, onun sərhədini pozmur, sadəcə, öz suverenliklərini qorumaq istəyirlər. Bu zaman heç də Rusiyaya qarşı düşmənçilik xətti yeritmirlər, sadəcə, onun qeyri-dost hərəkətlərini zəiflətməyə çalışırlar və bu zaman ondan aşırı hiddət görürlər.
Rusiya “ziyalıları” heç cür qəbul etmək istəmirlər ki, 34 ilə yaxındır müstəqil olan dövlətlər gerçək müstəqilliyə nail olmaq, yarımasılı durumda yaşamaq istəmirlər.
Rus politoloqlar Kremlin ovqatından xəbərdardırlar, orada bağlı qapılar arxasında nə danışıldığını bilirlər, ancaq bəziləri təhkiyələrində ifrata varırlar, tənqid etmək əvəzinə təhqirə yol verirlər, “daşla hədələyin” əmrini alır, “lazım gəlsə, “Oreşnik”lə vurmalıyıq” kimi ifadə edirlər.
Yadınızdadırsa, 2020-ci ilin mayında Ermənistanın baş naziri Nikol Paşinyan Şuşada yeyib-içib yallı oynayanda bizim bəzi hiddətli politoloq və ictimai-siyasi fəallarımız da “Şuşanı vurmalıyıq” deyir, yazırdılar. Amma o cür olmadı. Hər şey ölçülü-biçili oldu.
Hər halda, rus siyasətşünasların, jurnalistlərin məlum isterikası təhlükə xəbərdarlığıdır.
Araz Altaylı, Musavat.com