Musavat.com xəbər verir ki, 2025-ci il iyunun 15-də yerli vaxtla saat 23:35-də İranın Qum əyalətində 2,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri İranın ən strateji obyektlərindən biri olan Fordo nüvə zənginləşdirmə stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə dərhal beynəlxalq medianın və təhlükəsizlik analitiklərinin diqqətini çəkib.
Fordo nüvə kompleksi İranda yerin altına yerləşdirilmiş və qlobal təhlükəsizlik gündəmində mühüm yer tutan obyektlərdən biridir. 2011-ci ildən bəri fəaliyyət göstərən kompleks dağın dərinliklərinə inşa edilib və əsasən uranın zənginləşdirilməsi məqsədilə istifadə olunur. İran hakimiyyəti bu obyektin dinc məqsədlərlə qurulduğunu iddia etsə də, Qərb və xüsusilə İsrail onu mümkün nüvə silahı hazırlığının tərkib hissəsi kimi görür.
Son aylarda İran və İsrail arasında artan hərbi-siyasi gərginlik fonunda Fordo obyektinə xüsusi diqqət ayrılır. İsrail mətbuatında yayılan məlumatlara əsasən, bu kompleks potensial hədəf kimi müəyyən edilib. Lakin ekspertlər bildirirlər ki, Fordo yerin dərinliyində yerləşdiyinə görə, onu sıradan çıxarmaq üçün adi hava zərbələri yetərli deyil. Bu obyektin tam məhv edilməsi üçün “bunker-buster” tipli xüsusi silahlar və ya ABŞ-ın bilavasitə hərbi dəstəyi tələb olunur.
Çünki İsrailin arsenalında belə bir silah mövcud deyil.
Zəlzələnin şiddəti nisbətən aşağı – 2,5 bal olaraq qeydə alınsa da, onun məhz Fordo yaxınlığında baş verməsi təsadüf kimi qəbul edilmir. Seismoloji mərkəz bunu təbii hadisə kimi qiymətləndirsə də, bəzi müşahidəçilər ehtimal edirlər ki, bu, bölgədə gedən hərbi fəaliyyətlərin nəticəsi ola bilər və ya qeyri-adi seysmik impuls ola bilər.