Tramp Netanyahunun qarşısında şərt qoyub: Nə edirsən et, amma İran dini lideri Ayətullah Seyid Əli Xameneiyə toxunma!
Tramp həmçinin dəfələrlə bildirib ki, ABŞ İran-İsrail savaşına da qatılmayacaq. İsrail nə edəcəksə, öz gücü hesabına edəcək.
Bilirsinizmi bu iki siyasət nəyə xidmət edir?
Əlbəttə ki, Tramp Xameneinin qara qaşına, qara gözünə aşıq deyil. “İsrailə dəstək verməyəcəyik” deməsi də yalandır. ABŞ hiss etsə ki, İsrail çətin vəziyyətə düşüb, quyruğunun tükü yandırılmış Sümruq quşu kimi özünü dərhal imdada yetirəcək. Amma İsraili çətin vəziyyətdən çıxardıqdan sonra geri çəkilib İranın altını üstünə çevirməyi yenə sionistlərə həvalə edəcək.
Bəs bu ikiüzlü siyasəti ilə ABŞ nəyə nail olmaq istəyir?
Fikrimcə, İran müharibəsinin uzadılmasına. Mənim təxminlərimə görə, İsrail-İran müharibəsi də Ukrayna-Rusiya müharibəsi kimi 2030-cu illərə qədər davam edəcək. Yəni ən azı 5 il. Məhz bunun üçün də ABŞ İran dini rejiminin dərhal nəfəsinin kəsilməsinə izn vermir.
Bəs bu uzun dövr ərzində o nəyə nail olmaq istəyir?
Məncə, İranın daxili mozaikaları ilə oynayıb müxtəlif etnik qruplar arasında vətəndaş müharibəsi çıxarmağı və sonunda İranı ən azı 6 yerə parçalamağı planlaşdırır. Halbuki, generalları ilə bərabər Xamenei də əbədi istirahətgaha göndərilsəydi, mollakratiya tamamilə çökər və İran dərin dövləti öz varlığını qorumaq üçün bəzi demokratik islahatlara gedərdi. Bu isə İranın qısa müddətli siyasi arayışlardan sonra demokratikləşməsi anlamına gələrdi.
Amma görünən budur ki, İranın bütövlüyü ABŞ-a da, İsrailə də sərf etmir. Getdikcə zəiflədilmiş İran İsrail üçün təhdid olmaqdan çıxarılır və daxili müharibələrə sürüklənir. Təəssüf ki, İran mollakratiyası vaxtında siyasi islahatlara gedib demokratikləşmək əvəzinə, boş xülyalara qapılmaqla faktiki olaraq bu xilas imkanını qaçırdı.
Heydər Oğuz - "DİA-AZ"