“Biz artıq Cənubi Qafqazda sülh və əmin-amanlıq görmək istəyirik”. Xəbər verdiyimiz kimi, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərdən qayıdarkən bildirib.
“Regionda daimi sülhün mövcudluğu hamının xeyrinə olacaq. Biz şadıq ki, Azərbaycan və Ermənistan arasında sülh artıq üfüqdədir və bundan məmnunuq. Bu prosesi yaxından izləyirik, lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün də dəyərli olacaq. Biz də Ermənistanla diqqətli bir normallaşma prosesini yaşayırıq. Həm sülhdən, həm də normallaşmadan ölkələrimizin fayda qazanacağını da görəcəyik. Odur ki, bununla bağlı zərrə qədər narahatlıq yoxdur”, - Türkiyə lideri bəyan edib.
O ki qaldı Zəngəzur mövzusuna, Ərdoğan əlavə edib: “Zəngəzur dəhlizi Azərbaycan və Naxçıvan üçün təkcə quru yolu deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Bu dəhlizin qısa müddətdə açılması Cənubi Qafqazda nəqliyyat və enerji infrastrukturunu gücləndirəcək. Biz qonşumuz İranın bölgəmizdə sülhə və inkişafa xidmət edəcək bu addımları dəstəkləyəcəyini gözləyirik. Çox istərdik ki, onlar bu "qazan-qazan" prinsipindən faydalansınlar. Atılan hər bir addım, hər açılan qapı, dəhliz iqtisadi fayda ilə bərabər, sonda ölkələri bir-birinə daha da yaxınlaşdıracaq".
“Zəngəzur dəhlizi Orta dəhlizə dəstək olacaq”. Bunu iyunun 1-də Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulqadir Uraloğlu deyib. O qeyd edib ki, Orta dəhliz Türkiyə üçün əhəmiyyətlidir.
İranın cavabı nə olacaq, Ərdoğanın çağırışı, nəhayət, eşidiləcəkmi? Tehran niyə öz faydalarından qaçır?
Bu arada İran xarici işlər nazirinin müavini Səid Xətibzadə deyib ki, Tehran Azərbaycan və Ermənistan arasında danışıqlar üçün platforma təqdim etməyə hazırdır və “münaqişənin sülh yolu ilə həllini tam dəstəkləyir”.
“Razılaşma nə qədər tez əldə olunarsa, Azərbaycan, Ermənistan və İran da daxil olmaqla, hamı üçün bir o qədər yaxşıdır”, - o qeyd edib. Xətibzadənin sözlərinə görə, davam edən münaqişə regional layihələrin inkişafına və ümumi potensialın reallaşmasına mane olur. “Biz birləşmənin tərəfdarıyıq, kəsilməz” deyib.
Elə isə Tehran niyə Zəngəzur dəhlizinə qarşı xofludur? İran nədən ehtiyatlanır?
Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, dəhlizin açılması bir neçə səbəbdən reallaşmır, biri də İranın mövqeyidir. Onun fikrincə, digər səbəb isə dəhlizə kontrol məsələsidir. Q.Hüseynli deyib ki, bu iki məsələ müttəfiq ölkələrdən - Rusiya və İrandan qaynaqlanır: “Maraqlıdır ki, dəhlizlə bağlı Tehran və Moskvanın fikirləri üst-üstə düşmür. İrana elə gəlir ki, Zəngəzur dəhlizinin açılması onun iqtisadi maraqlarına ziddir. Rusiya isə dəhlizin işə düşməsini istəyir. Sadəcə, Moskva üçtərəfli sazişin 9-cu bəndinə istinad edərək yola nəzarətin Federal Təhlükəsizlik Xidmətində olması tələbini irəli sürür. Bax, bu iki amil beş ilə yaxındır ki, razılaşmanın icrasını yubadır”.
Professor Ermənistanın da bu prosesdə rolunu vurğulayıb: “İrəvan "dəhliz" statusuna qarşıdır. İkincisi yola nəzarəti ruslara verməkdən imtina edir. Bu mövqeyini gücləndirməkdə də ona dəstək var. Yəni “ilana zəhər verən kərtənkələdir” - İran və Fransa. Qərb yola nəzarətin Rusiyada olmasını istəmir deyə Ermənistana bu yöndə siyasi dəstək verməkdədir. Tehran isə dəhlizin açılmasının əleyhinə olduğu üçün Ermənistanın yanındadır. Bu baxımdan, Türkiyə liderinin çağırışlarını İran düzgün oxumalıdır. Tehranın da bu dəhlizdən pay götürmək imkanları var. Ona görə də cənub qonşumuz bu layihəni dəstəkləməlidir. Ümumiyyətlə, Zəngəzur dəhlizi Orta dəhlizin bir hissəsi olduğu üçün bu beynəlxalq logistikadan bir çox ölkələr fayda görəcək. Bu mənada inanmıram ki, Ermənistan belə qlobal iqtisadi marşrutun açılmaması üçün sona qədər müqavimət göstərə biləcək. Artıq Azərbaycan tikinti işlərini həyata keçirib, qarşı tərəfin addımları gözlənilir. Məncə, bəzi siyasi məsələlər aydınlaşandan sonra Paşinyan real addımlar atmağa başlayacaq".
İran siyasəti üzrə yazar-təhlilçi Fikrət Fəraməzoğlunun sözlərinə görə, Tehranın Zəngəzur dəhlizinə qarşı çıxması bilavasitə özünün strateji əhəmiyyəti ilə bağlıdır: “Yəni Zəngəzur dəhlizi açılarsa, bu, Orta dəhlizin Azərbaycan və Ermənistandan keçməsi, İranın isə belə böyük layihədən kənarda qalması deməkdir. Tehran yaxşı anlayır ki, əgər dəhliz açılarsa, yük daşınma prosesindəki önəmi aşağı düşəcək. Bu, İranın strateji əhəmiyyətini itirməsi deməkdir. Ki, İran buna heç bir şəkildə imkan vermək istəmir. Bu, bir növ İranın geostrateji əhəmiyyətini qorumaq üçün ölüm-dirim savaşı kimi də başa düşülə bilər”.