Son 5 ayda erkən nikahın baş tutması məqsədilə Kürdəmir rayon icra hakimiyyətinə 10-a yaxın şifahi müraciət daxil olub, iki fakt üzrə isə valideynlər yaş həddinin aşağı salınmasını istəyiblər.
Bu barədə Bizim.Media-nın Aran bürosuna Kürdəmr rayon icra hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasının böyük məsləhətçisi İsa Gözəlov məlumat verib. O, bildirib ki, şifahi olaraq müraciət edən valideynlərlə profilaktiki söhbətlər aparılıb, bu işin qanunla qadağan olması onların diqqətinə çatdırılıb.
Eyni zamanda erkən nikahın yaradacağı fəsadlarla bağlı onlara dolğun məlumat verilib. İsa Gözəlov əlavə edib ki, övladlarının nikah yaşının azadılmasını istəyən iki ailə ilə də profilaktiki söhbətlər aparılıb və onların müraciəti rədd edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun olaraq ölkə ərazisində yetkinlik yaşına çatmayan yəni yaşı 18-dən aşağı olan şəxslərin nikaha daxil olması qanunla qadağandır.