"Yəqin ki, bilirsiniz, Naxçıvan Ali Məclisi ildə iki dəfə toplaşıb Azərbaycan Milli Məclisinin hazırladığı qanunları bir də Naxçıvanda qəbul edirlər. İşləri sadəcə Azərbaycan qanunlarının adındakı Azərbaycan Respublikası sözünü çıxarıb Naxçıvan MR yazmaqdır. Onu da özləri yox, Ali Məclisin aparatı edir. Naxçıvan deputatlarına isə sadəcə Danabaş məktəbinin partasında oturub adı dəyişdirilən qanunlara səs vermək qalır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bunları bildirir: "Bəs bilirsinizmi, bu qədər böyük əziyyətin müqabilində onlar nə qədər maaş alırlar?
Naxçıvan Ali Məclisinin sədri ayda 9990 manat, birinci müavini 9489 manat, elə-belə müavini 8991 manat, komitə sədrləri 5410 manat, komitə sədrinin müavinləri 4995 manat, sıravi deputatlar isə 4162,5 manat alırlar.
Təsəvvür edirsinizmi, ildə cəmi 2 gün əl qaldır, ayda hardasa 4000-5000 manat maaş al.
Bundan əlavə deputatların əvəzinə qanunların mətnlərdəki Azərbaycan Respublikasını çıxarıb Naxçıvan MR yazanlar da az qala onlar qədər məvacib qazanırlar. Onların sayını isə bir Ali Məclisin sədri Bəxtiyar Məmmədov, bir də müftə maaş yeyənlər bilir. Bizim bildiyimiz isə Ali Məclis aparatının 11 şöbəsinin olduğudur. Bir də bura şöbə müdirləri ilə yanaşı onun müavinlərini və işçi qruplarını da əlavə etsək, dövlət büdcəsinin əməlli-başlı talanması gedir...."










