Yeni tədris ilinin başlamasına az müddət qalıb. Dərs ili başlar-başlamaz bəzi problemlər də ortaya çıxıb. Son dövrlər Rusiya ilə siyasi müstəvidə münasibətlərin gərginləşməsi fonunda rus sektoruna olan maraq dsa azalıb. Artıq bu ildən valideynlər övladlarını rus bölməsinə yönəltməkdən imtina ediblər. Bu isə məktəblərdə bu sektor üzrə dərs deyən müəllimlər üçün problemə çevrilib. Yəni rus bölməsi üzrə dərs deyən müəllimlər valideyn qruplarına səs göndərərək siniflərdə şagirdlərin toplanmadığını deyirlər. Hətta MİQ imtahanından keçən bəzi müəllimlər də bununla bağlı şikayət edirlər. Bəs, qaydalara görə bir sinifdə nə qədər uşaq olmalıdır? Rus bölməsi üzrə bu il şagirdlərin sayında azalma nə qədərdir? Şagirdlər yığılmadığı halda o müəllimlər işsiz qalırmı? Bu necə kompensasiya olunur?
Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Azərbaycan təhsil sistemində son illərdə ən çox müzakirə olunan məsələlərdən biri rus bölməsinin mövcud vəziyyətidir. Əgər bir tərəfdən valideynlər övladlarının Azərbaycan bölməsində oxumasına üstünlük verirsə, digər tərəfdən bəzi məktəblərdə rus bölməsi üzrə siniflərin tam formalaşa bilməməsi müşahidə olunur. Bu, həm müəllimlərin iş yükünə, həm də məktəblərin idarəetməsinə təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023–2024-cü tədris ilində ümumi təhsildə rus bölməsində oxuyan şagirdlərin sayı 90 min nəfərdən bir qədər çox olub ki, bu da ümumi şagird kontingentinin 8–9 faizinə bərabərdir. Halbuki 10–15 il əvvəl bu rəqəm 11–12 faizə yaxın idi. Yəni marağın azalması artıq tendensiyaya çevrilib.
Qanunvericilik bu məsələyə aydın mövqe qoyur. “Ümumi təhsil haqqında” Qanunun 23-cü maddəsinə görə, müəllimlərin dərs yükü məktəbin şagird kontingentindən asılı olaraq müəyyənləşdirilməlidir. Deməli, əgər valideynlər rus bölməsinə az maraq göstərirsə, bu zaman məktəb rəhbərliyi süni şəkildə sinif açmağa məcbur deyil. Eyni zamanda, “Təhsil haqqında” Qanunun 13-cü maddəsi bərabərlik prinsipini ön plana çəkir və bu, həm də müəllimlərə münasibətdə ədalətli bölgü mexanizmini zəruri edir. Yəni müəllimlər MİQ imtahanında yüksək bal toplasa da, şagird sayı çatmadıqda həmin müəllimlərə sinif verilməməsi hüquqi baxımdan məntiqsiz görünmür, amma pedaqoji baxımdan narazılıq doğurur.
Bu situasiyanın müsbət tərəfi odur ki, təhsil sistemi real tələbat əsasında formalaşır. Siniflərin yalnız kağız üzərində deyil, faktiki şagird sayı ilə açılması keyfiyyətin təmininə yönəlib. Əgər 10 nəfərlik şagird qrupu üçün ayrıca müəllim ştatı açılarsa, bu, nə maliyyə baxımından, nə də tədris baxımından səmərəli olmaz. Elm və Təhsil Nazirliyinin son illərdə apardığı siyasət də göstərir ki, məqsəd təhsildə resursların optimallaşdırılması, yəni həm müəllimlərin, həm də şagirdlərin maraqlarının balanslaşdırılmasıdır. Nazirliyin bu məsələyə həssas yanaşması müsbət qiymətləndirilməlidir, çünki siniflərin düzgün idarə olunması son nəticədə ümumi təhsil sisteminin sabitliyini təmin edir”.
Mütəxəssis qeyd edir ki, məsələnin mənfi tərəfi isə müəllimlərin işsizlik və ya yüklərinin azalması riskidir:
“Rus bölməsi üzrə ixtisaslaşmış müəllimlər çox vaxt başqa istiqamətlərdə dərs aparmaq imkanına malik olmurlar. Bu isə onların ya başqa məktəblərə yönləndirilməsini, ya da əlavə fənn yükləri ilə təmin edilməsini zəruri edir. Məsələn, bəzi müəllimlərə rus dili və ədəbiyyatı ilə yanaşı, xarici dil kursları və ya inteqrativ fənlər üzrə dərs saatları verilməklə boşluqlar doldurula bilər. Əks halda, yüksək bal toplamış, amma sinfi olmayan müəllimlərin peşə motivasiyası zəifləyə bilər. Dünya təcrübəsində bu problem fərqli yollarla həll olunur. Finlandiyada azsaylı şagird kontingenti olan məktəblərdə birləşdirilmiş siniflər praktikası geniş tətbiq edilir. Türkiyədə müəllimlər eyni zamanda bir neçə məktəbdə dərs deyə bilirlər, bunun üçün dövlət tərəfindən xüsusi nəqliyyat və maliyyə mexanizmləri yaradılıb. Gürcüstanda isə rusdilli məktəblər əsasən böyük şəhərlərdə saxlanılır, regionlarda isə şagird sayı çatmadıqda Azərbaycan dilində təhsilə üstünlük verilir. Bu modellərin müqayisəsi göstərir ki, şagird marağı azalan yerdə rus bölməsini məcburi saxlamaq yox, onu daha səmərəli formada təşkil etmək məqsədəuyğundur”.
Kamran Əsədov deyir ki, Azərbaycanda da bu mexanizmlərdən istifadə etməklə müəyyən dəyişikliklər həyata keçirilə bilər:
“Əvvəla, rus bölməsi üzrə siniflərin açılması valideynlərin real tələbinə əsaslanmalıdır. Əgər tələbat varsa, siniflər qorunmalı, müəllimlərlə təmin olunmalıdır. İkincisi, müəllimlərə alternativ yüklər verilməli, onların ixtisas potensialı itirilməməlidir. Üçüncüsü, Elm və Təhsil Nazirliyi rus bölməsinin gələcək inkişaf strategiyasını açıq elan etməlidir. Əgər bu bölmə ölkənin təhsil xəritəsində qorunacaqsa, hansı şəhər və rayonlarda prioritet olacağı bəlli edilməlidir. Bu şəffaflıq həm müəllimlər, həm də valideynlər üçün aydın yol xəritəsi yaradacaq. Nəticə etibarilə, Samuxda və ya digər rayonlarda rus bölməsi üzrə siniflərin açılmaması təhsilin zəifləməsi deyil, əksinə, keyfiyyətə yönəlmiş addım kimi dəyərləndirilə bilər. Elm və Təhsil Nazirliyinin məqsədi mövcud reallığı nəzərə alaraq resursların daha səmərəli bölgüsünü təmin etməkdir və bu, ölkənin ümumi təhsil sisteminə fayda gətirəcək. Əgər müəllimlər və valideynlər bu yanaşmanı düzgün qəbul etsələr, həm pedaqoji mühitdə narazılıq azalacaq, həm də təhsil keyfiyyəti yüksələcək”.
Qeyd edək ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də sorğu göndərmişik, cavablandırıldığı təqdirdə yayımlanacaq.