İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “3+3” çərçivəsini Cənubi Qafqaz regionunda ölkələr arasında məsləhətləşmələr üçün uzunmüddətli və səmərəli bir mexanizm kimi dəyərləndirib. Diplomat bildirib ki, bu format region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həlli üçün faydalı olub və indiki geosiyasi kontekstdə onun aktiv saxlanılması xüsusilə vacibdir: “3+3 çərçivəsi region ölkələri və Cənubi Qafqaz ətrafında məsləhətləşmələr üçün uzunmüddətli çərçivədir”.
Diplomat bu formatda region ölkələri arasında bir sıra görüşlərin keçirildiyini xatırladıb: “Bu, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan arasında mübahisələrin həllinə kömək edən regiondaxili mexanizm kimi özünü doğrultmuş mexanizmdir. Bu gün bölgə ölkələri keçmişdə olduğundan daha çox belə qənaətə gəliblər ki, onlar bu mexanizmləri aktiv saxlamalı və mübahisələrin həlli üçün, eləcə də trans-regional aktorların müdaxiləsi və fəaliyyətləri fonunda onların daha səmərəli olmasına çalışmalıdırlar”. Nazirliyin sözçüsü əlavə edib ki, İran Prezidenti Məsud Pezeşkian avqustun 25-də rusiyalı həmkarı Vladimir Putinlə telefin danışığı zamanı bu mexanizmin səmərəli və effektiv formada olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, Cənubi Qafqaz üzrə altıtərəfli əməkdaşlıq formatı təşəbbüsü 2020-ci ilin sonunda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Rusiya və İran bu ideyanı alqışlayıb, Ermənistan da bu formata qoşulub. Gürcüstan Rusiyaya görə bu təşəbbüsdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb.
“3+3” formatının Cənubi Qafqaz üçün önəmli bir platforma olduğunu vurğulayan siyasi ekspert Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında deyib ki, bu format region ölkələrinin problemlərinin həlli və qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi baxımından geniş müzakirə imkanları yaradır. Lakin ekspertin fikrincə, Cənubi Qafqazın gələcək inkişaf perspektivlərini yalnız bu formatla məhdudlaşdırmaq düzgün olmaz:
“Regionda genişmiqyaslı əməkdaşlıq və tərəfdaşlıq imkanları mövcuddur və bu səbəbdən Cənubi Qafqazı yalnız “3+3” formatına məhkum etmək yolverilməzdir. Həm də ki, hazırda formatın tərkibi bir qədər problemli xarakter daşıyır ki, bu da onun effektiv fəaliyyətinə əngəl olur. Məsələn, Gürcüstan Rusiya tərəfindən ərazi bütövlüyünə təcavüz edildiyi üçün Rusiyanın iştirak etdiyi heç bir platformada yer almaq istəmir. Həmin Rusiya bu gün Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır. Eyni zamanda Ermənistanla münasibətlərində də təzyiq rıçaqlarına əl atır ki, bu da onun “3+3” formatında səmimi mövqedən çıxış etməsini çətinləşdirir.
İranın mövqeyi də bu formatın effektivliyini məhdudlaşdırır. Rəsmi Tehran, xüsusən Azərbaycanla münasibətlərində reallıqdan uzaq bir xətt tutur. Ermənistanla yaxınlaşmağa çalışsa da, Azərbaycanla qarşıdurma mühitinə üstünlük verir. Ən əsası isə İran Cənubi Qafqaz üçün olduqca həlledici, taleyüklü xarakter daşıyan Zəngəzur dəhlizinin açılmasına qarşı sərt müqavimət göstərir. İran bu dəhlizin açılmasına qarşı sərt mövqe tutur və dəhlizin ABŞ tərəfindən 99 illik icarəyə götürülməsi planlarından ciddi narahatdır. Ümumiyyətlə, dəhlizin açılmasını istəmir. Belə bir kontekstdə, İranın “3+3” formatını yenidən gündəmə gətirməsi əsasən öz geopolitik maraqlarını qorumaq məqsədi daşıyır. Bütün bunları nəzərə aldıqda Rusiya və İranın özəl maraqları ucbatından “3+3” formatının effektiv olacağı qətiyyən inandırıcı görünmür. Rusiya da, İran da “3+3” formatına məhz öz geopolitik maraqlarını yerləşdirməyə çalışır. İranın indiki məqamda “3+3” formatını xatırlatması da bu maraqlardan irəli gəlir.
İran “3+3” formatını yenidən gündəmə gətirməklə Zəngəzur dəhlizinin açılmasının qarşısını ala biləcəyini düşünür. Cənubi Qafqaza kənar müdaxilələrin qarşısının alınması adı altında İran “3+3” formatını öz maraqlarının alətinə çevirmək niyyətinə düşüb. Lakin heç kim İrana belə bir imkan verməyəcək. İran Cənubi Qafqaz ölkəsi deyil. İran da, Rusiya da Cənubi Qafqaza qonşu ölkələrdir. Və onlar heç bir halda bu regiondakı proseslərin istiqamətini dəyişdirmək hüququna sahib deyillər. Cənubi Qafqazın gələcək taleyini bu regionun 3 dövləti - Azərbaycan, Ermənistan və Gürcüstan - ortaq şəkildə müəyyənləşdirə bilər”.
Cənubi Qafqaz uğrunda ciddi geosiyasi mübarizə getdiyini xatırladan siyasi ekspert qeyd edib ki, bu mübarizədə İran və Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyib:
“ABŞ və Qərb isə regiona daha yaxınlaşıb və burada yerləşmək üçün ciddi mexanizmlərə sahib olmağa başlayıb. ABŞ regional oyunçuya çevrilmək imkanları belə qazanıb. İran və Rusiyanın niyyəti isə heç vaxt Cənubi Qafqazın inkişafına töhfə vermək olmayıb; onlar yalnız öz geopolitik maraqlarını təmin etmək üçün bu regionda söz sahibi olmağa çalışıblar”.