Rusiya ilə Ermənistan arasında münasibətlər getdikcə daha da gərginləşir. Artıq Kremlə yaxın erməni əsilli siyasətçilər, jurnalistlər, ümumilikdə tanınmış simalar baş nazir Nikol Paşinyanı və onun komandasını hədəf almağa başlayıblar.
“RT” telekanalının rəhbəri, erməni əsilli jurnalist Marqarita Simonyanın ötən gün Paşinyana qarşı açıq çağırışı erməni ictimaiyyətində maraqla qarşılandı. Simonyan Erməni Apostol Kilsəsini son 2000 il ilk hədəfə alan şəxsin erməni əsilli biri olmasını inanılmaz adlandırıb. O, erməni xalqını mövcudluqları və dövlətçiliyi qorumaq üçün Paşinyana qarşı birləşməyə, onu devirməyə çağırdı.
Moskva İrəvan hökumətinə qarşı açıq şəkildə hərəkətə keçib? Kremlin Ermənistanla bağlı planı nədir?
Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginliyin bu səviyyəyə çatması gözlənilən idi:
“İrəvan son dövrlərdə Moskvanın maraqlarına uyğun gəlməyən mövqe nümayiş etdirməyə başlayıb. Baş nazir Nikol Paşinyanın 2026-cı ilin fevralından etibarən KTMT-dən tamamilə çıxa biləcəklərinə dair bəyanatı, Rusiyanın Ermənistandakı “5-ci kolon”una qarşı aparılan əməliyyatlar, eyni zamanda bu ölkədən gələn erməni əsilli bəzi iş adamlarının həbsi, rəsmi İrəvanın Moskva ilə araya məsafə qoymaqda və ölkədən Rusiya təsirini sıxışdırıb çıxarmaqda maraqlı olduğunu göstərir.
Moskva bu tendensiyanın fərqindədir və cavab olaraq təzyiq rıçaqlarını işə salıb. Rusiya təkcə Ermənistandakı “5-ci kolon”un fəallaşdırılması ilə kifayətlənmir, eyni zamanda ictimai rəyi yönləndirmək üçün də addımlar atır. Rusiyanın televiziya və media məkanında Ermənistanla bağlı getdikcə sərtləşən çağırışlar müşahidə olunur. Bu, Kreml tərəfindən birbaşa istiqamətləndirilən informasiya siyasətidir. Hazırda Ermənistanda seçki dövrünə hazırlıq getdiyini nəzərə alsaq, Rusiya orada öz mövqelərini qorumaq üçün hərəkətə keçib”.
R.Bayramov hesab edir ki, Moskvanın əsas məqsədi Ermənistanda Rusiyameyilli qüvvələri yenidən hakimiyyətə gətirməkdir:
“Bu səbəbdən, Paşinyan əleyhinə olan qüvvələr Kreml tərəfindən maksimum dəstəklənəcək. Rəsmi İrəvan bunun fərqindədir və yaxın zamanda daha sərt addımların atılacağını gözləyir. Ermənistan cəmiyyətində ən güclü təsir gücünə malik olan qurumlardan biri Apostol kilsəsidir. Bu səbəbdən seçkilərə qədər onların da neytrallaşdırılması istiqamətində tədbirlər görülür.
Rusiya uzun müddət Ermənistana nəzarəti itirməyəcəyinə əmin idi. Kreml düşünürdü ki, İravana qarşı əlindəki sərt təsir vasitələri onu nəzarətdə saxlamaq üçün kifayət edəcək. Lakin Azərbaycanla sülh sazişi imzalandıqdan sonra İrəvan-Ankara münasibətlərində normallaşma baş verəcək və sərhədlərin açılması ilə Türkiyə iqtisadiyyatı Ermənistan bazarına daxil olacaq. Bu isə Ermənistanın Rusiya iqtisadiyyatından asılılığını xeyli azaldacaq və Moskva üçün ciddi təhdid yaradacaq. Kreml də məhz buna qarşı çıxmağa çalışır”.
Politoloq bildirib ki, Paşinyan hökuməti daxilində sabitlik qorunarsa, Rusiyanın təsir imkanları zəifləyə bilər:
“Əgər Paşinyana Qərbdən əvvəlki səviyyədə dəstək davam edərsə, komandası daxilində parçalanma baş verməzsə və güc strukturları hökumətə sadiq qalarsa, Rusiyanın Ermənistana təzyiq imkanları ciddi şəkildə məhdudlaşacaq”.