Türkiyədə səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İstanbul şəhərində keçirilən “Sülhün Müdafiəçisi - 2025” beynəlxalq təlimini izləyib.
Bu barədə Azərbaycan MN məlumat yayıb.
Sonra Konya şəhərinə gələn Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Anadolu Qartalı - 2025” beynəlxalq təliminin Yüksək Səviyyəli Müşahidəçi Günündə iştirak edib.
Təlimin planlaşdırma prosesi, ssenarisi, məqsədi və tapşırıqların yerinə yetirilmə ardıcıllığı barədə qonaqlara ətraflı məlumat verilib.
“Anadolu Qartalı - 2025” təliminə Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup pilot və texniki heyəti ilə yanaşı aviasiya vasitələri cəlb olunub.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler, Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncu ilə görüşüb.
Keçirilən görüşlər zamanı Azərbaycan və Türkiyə arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Strateji müttəfiqliyimizin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu qeyd edilib.
Tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, hazırda regionda vəziyyət yaxşı deyil, gərginlik hökm sürür:
"Xüsusilə İsrail–İran müharibəsindən sonra regional sabitliyin pozulması bu gərginliyin davam etməsinə səbəb olub. Belə bir şəraitdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da gücləndirilməsinə ciddi ehtiyac yaranır. Bu dövrdə iki ölkə arasında məsləhətləşmələrin intensiv şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, eləcə də hər iki ölkənin Xarici İşlər nazirləri — Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışıqları baş tutmuşdu. Artıq bu xətt üzrə əməkdaşlıq hərbi sahəyə də keçib. Belə ki, Azərbaycan Müdafiə nazirinin birinci müavini – Baş Qərargah rəisi Kərəm Vəliyev Türkiyəyə səfər edib və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüş keçirib. Bu səfər çərçivəsində iki ölkənin orduları arasında birgə fəaliyyət və hərbi əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Regional gərginlik fonunda Azərbaycan və Türkiyə arasında əməkdaşlığın yeni perspektivləri ciddi şəkildə nəzərdən keçirilməlidir. Şübhəsiz ki, Azərbaycan–Türkiyə münasibətləri dünyada nadir dostluq-qardaşlıq nümunəsidir. Elə bir başqa ölkə yoxdur ki, bu qədər sıx və səmimi şəkildə əməkdaşlıq etsin. Lakin münasibətlərin yüksək səviyyədə olması bizi dayanmağa əsas vermir".
Politoloq qeyd edib ki, mövcud çağırışlar – istər qlobal, istərsə də regional geosiyasi vəziyyət Azərbaycan və Türkiyəni bu əməkdaşlığı daha da gücləndirməyə məcbur edir:
"Xüsusilə hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Kərəm Vəliyevin Türkiyəyə səfəri zamanı hərbi əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparılması da məhz bu kontekstdə dəyərləndirilməlidir. Böyük ehtimalla yaxın gələcəkdə biz bu əməkdaşlığın gücləndirilməsinin şahidi olacağıq. İstanbuldakı "Sülhün Müdafiəsi – 2025" beynəlxalq təlimləri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Türkiyə, regionda baş verən hadisələr fonunda sülhün təmsilçisi kimi ön plana çıxır. İstər Rusiya–Ukrayna müharibəsi, istərsə də digər regional münaqişələrdə Türkiyə vasitəçi rolunu üzərinə götürərək iki tərəf arasında dialoqu təşviq edir. Bu isə olduqca müsbət və sevindirici haldır".